İndiyədək Azərbaycanda topuq testinə cəlb olunan uşaqların sayı

Yenidoğulmuşlar arasında anadangəlmə və irsi xəstəliklərin erkən aşkarlanması məqsədi ilə 2022-ci ilin may ayından etibarən dövlət tibb müəssisələrində aparılan neonatal skrininq müayinələr nəticəsində heç bir körpədə xəstəlik aşkarlanmayıb.

Metbuat.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri, Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Rüstəm Hüseynov deyib.

O bildirib ki, müayinələrə bu günədək 800-ə yaxın uşaq cəlb olunub:

"Yalnız 2 valideyn heç bir səbəb göstərmədən müayinədən imtina edib. Bəzi anadangəlmə xəstəliklər uşaq doğulduqdan sonra ilk günlərdə heç bir əlamətlərlə özünü büruzə vermir və ya kliniki simptomları spesifik olmur. Topuq testinin tətbiqi ilə bu xəstəlikləri erkən mərhələdə aşkarlamaq, xəstələri isə vaxtında müalicəyə cəlb etmək mümkün olur. Bu isə öz növbəsində uşaqların əlillik hallarının və genetik mübadilə pozulmaları ilə bağlı ölüm hallarının sayının azalmasına səbəb olur. Testin bütün doğum evlərində götürülməsi nəzərdə tutulub".

Şöbə müdiri prosesin necə həyata keçirildiyini izah edib:

"Topuq testi yenidoğulmuşların dabanından qan nümunəsi götürülməklə həyata keçirilir. Qan nümunəsi vaxtında doğulan və qidalanmağa başlayan uşaqlardan doğuşdan iki gün sonra, vaxtından tez doğulan uşaqlardan isə 1 həftə sonra götürülür. Doğum evlərində götürülən nümunələr laborator müayinə üçün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna göndərilir. İnstitutun laboratoriyasında nümunələr üzrə 5 irsi xəstəliyin aşkarlanması mümkündür. Bura fenilketonuriya, qalaktozemiya, kistik fibroz, adrenogenetal sindromu və hipotireoz xəstəlikləri aiddir".

Qeyd edək ki, tibbi ədəbiyyatda “topuq testi” adlandırılan bu müayinələr İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2021-ci ildən icrasına başlanılan “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində həyata keçirilib. ÜST-nin tövsiyəsi ilə yenidoğulmuşların skrininqi uşaqlar üçün mütləq vacib olan testlər siyahısına daxil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR