Şirin, dadlı təhlükə:

Yay fəslinin sevimli desertlərindən biri də dondurmadır. Uşaqdan böyüyə hər kəs bu dadlı təamı çox sevir. Amma bu qidanın riskli tərəfləri də çoxdur.

Bu barədə Metbuat.az-a açıqlama verən beynəlxalq münsif, qida eksperti Ağa Salamov bildirdi ki, dondurmanın istehsalatdan marketlərə dərin dondurucu ilə təmin olunmuş maşınlarda çatdırılması vacibdir. Ekspertin məlumatına görə, marketə gəlməmişdən öncə dondurma istehsal edən sexlərdə dərindən sanitar gigiyena qaydalarına riayət olunması da qanunla mütləq tənzimlənməlidir.

Ağa Salamov

“Ümumiyyətlə, dondurma istehsal edən sexlərdə iş saatı bitdikdən sonra axşam bütün avadanlıqlar dezinfeksiya edilib təmizlənməlidir. Əgər kiçik bir dondurma qalığı avadanlığın üzərində qalarsa, bu, iki qat çarpaz çirkənmə şəraitini yaradır. Belə olan halda qanunlardan yayınan və məsuliyyətsiz işləyən sexlərin bir mənalı olaraq xəbərdarlıq edilmədən bağlanması təmin olunmalıdır. İnsan həyatını riskə atan bu cür işbazlar da məsuliyyətə cəlb edilməlidir”.

Bəzən qızmar yay günlərində sərinləmək üçün yol qırağında qarşımıza çıxan ilk marketdən dondurma alıb yediyimiz olur. Ekspert deyir ki, elə marketlərin əksəriyyətində də dondurmaların saxlanma şəraiti heç də ürəkaçan deyil.

“Nəzarət sisteminin sıfır olması və özbaşınalıqlar insanların həyatı bahasına başa gəlir ki, buda ən azından zəhərlənmə ilə nəticələnir. Bəzi marketlərin generator ilə təmin olunmaması, yəni elektrikin getməsi nəticəsində donmuş məhsulların donunun açılması və elektrik təmin olunandan sonra yenidən donması da ağır zəhərlənmələrə yol açır. Bir sözlə, istehsaldan istehlakçıya sağlam qida ötürülməsi vacibdir. Burda da məsuliyyət bir başa həm istehsalçıların üzərinə düşür, həm də marketlərin. Əks təqdirdə qida zəncirində buraxılan kobud səhv nəticəsində insanlar zəhərlənə və ya ağır nəticə (ölümlə) ilə üz üzə qala bilərlər”.

Yay fəslində məhsulların təhlükəliliyinin daha da artdığını deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Metbuat.az-a bildirdi ki, dondurma da istehsal prosessinə ciddi əməl edilməsi vacib olan qidalardandır.


Eyyub Hüseynov

“Dondurma süd məhsuludur onu dil üzərində qoyduqda qaymaq dadı verməlidir. Bu qidanın istehsalı zamanı kərə yağından istifadə edilməlidir. Bəzən istehsalçılar şikayət edirlər ki, dondurma yeyən zaman acı dad hiss edirlər. Səbəb həmin dondurmanın tərkibində marqarinin olmasındadır. Dondurmanı zavod şəraitində mənfi 20-25 dərəcədə 30 gün müddətində anbarda isə 5 gün müddətində mənfi 18 dərəcədə saxlanılmalıdır. Qeyd edim ki, böyük ölçüdə olan dondurmaları uzunmüddət saxlamaq olmaz. Marketlərdə dondurma alan zaman saxlanma müddəti qısa olan dondurmalara üstünlük verilməlidir”.

Eyyub Hüseynov onu da bildirdi ki, ölkədə 20-dən çox dondurma istehsalçısı olsa da yalnız onlardan birinə "İceland" şirkətinə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyi - USAİD-in təşəbbüsü ilə qida təhlükəsizliyi nişanı verilmişdir. Lakin təəssüflər olsun ki, digər dondurma istehsalçıları bu nişana layiq görülməyib. Müsahibimiz qeyd etdi ki, hazırda bazarda fransız markası olan “Oreo” dondurmalarının imitasiya ilə məşqul olan dondurma şirkəti də var. Həmin dondurma satışa "Oreo go" adı ilə çıxarılaraq istehsalçılara təqdim edilir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR