Azərbaycanda COVID-19 peyvəndinin effektivliyi üzrə tədqiqatın II mərhələsi başlayıb

"COVID-19 qarşı vaksinasiyanın effektivliyi həm tədqiqatlarda, həm də real həyatda bir daha öz təsdiqini tapır. Vaksinasiyanın sürəti, əhatəliyi və effektivliyinə görə nümunəvi ölkələr sırasında olan Azərbaycanda ilk növbədə tibb işçiləri, yaşlı, immuniteti çox zəif olan və xronik xəstəliklərdən əziyyət çəkən şəxslərin vaksinasiyası sayəsində bir çox ölümlərin və ağır xəstəlik hallarının qarşısı alınmış oldu".

    Metbuat.az xəbər verir ki, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev deyib.

    O xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə 2021-ci ilin aprel ayından etibarən ölkədə 1500 tıbb işçisinin (həm həkimlər və orta tibb personalı, həm də xəstəxanaların inzibati və texniki əməkdaşları) iştirakı ilə COVID-19 xəstəliyinə qarşı vaksinlərin effektivliyinin öyrənilməsinə başlanıb: "Tədqiqatın gözlənilən elmi və ictimai səhiyyə baxımından ciddi əhəmiyyətini, habelə ilkin vaksinasiyanın ölkəmizdə məhz ənənəvi metodla hazırlanmış vaksinlə (Çin istehsalı olan koronovak vaksini), buster vaksinasiyanın isə həm Çin vaksini, həm də mRNT əsaslı vaksinlə aparıldığını nəzərə alaraq, onun dünyanın ən nəhəng klinik tədqiqatların qeydiyyatı sistemi olan ABŞ-ın www.clinicaltrials.gov bazasında qeydiyyatı təmin edilib".

    İSİM direktoru bildirib ki, ilk 9 ay ərzində 7 xəstəxanada çalışan 1500 tibb işçisinin dəstəyi və aktiv iştirakı sayəsində tədqiqatın ilkin mərhələsində mühüm nəticələr əldə edilib: "İlkin təhlilin nəticələri nüfuzlu, impakt faktoru 4.3 olan “Qrip və digər respirator viruslar” jurnalında dərc edildi. Bu nəticələr həmçinin növbəti aylarda Azərbaycanda vaksinasiya tədbirlərinin planlaşdırılması baxımından da xüsusi önəm kəsb edir. Belə ki, tədqiqat çərçivəsində həm vaksinlərin effektivliyi, həm də təbii infeksiya və vaksinasiyadan sonra immunitetin yaranması və qoruyucu qabiliyyətinin müddəti də araşdırılır. İlkin nəticələrini nəzərə alaraq, ÜST və ABŞ-ın İnfeksiyalara Nəzarət Mərkəzi (US CDC) Qlobal Səhiyyə üçün İşçi Qrupu vasitəsilə bu önəmli tədqiqatı əlavə 1 il də davam etdirilməsinə dəstək verdi.

    İkinci mərhələdə aparılan tədqiqat sayəsində infeksiyanı təbii keçirmiş və 2, 3 və hətta 4 doza vaksinasiyadan sonra immunitetin nə qədər qalıcı və güçlü olduğunu müəyyən etmək imkanı yaranacaq. Həmçinin payız və qış aylarında COVID-19 ilə yanaşı, qrip infeksiyası hallarının artma potensialını və iki infeksiyaya məruz qalan şəxslərin daha ağır xəstəlik keçirməsi ehtimalını nəzərə alaraq, tədqiqatın bu ikinci mərhələsində qrip virusunun yayılması və başvermə tezliyi də öyrəniləcək. Beləliklə, tədqiqat həm COVID-19, həm də qripə qarşı daha mükəmməl ictimai səhiyyə və antiepidemik tədbirlərin formalaşdırılması və həyata keçirilməsinə imkan verəcək, qərarların qəbulunun isə elmi sübutlara dayanıqlı olmasını təmin edəcək".


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR