Paşinyan RAZILAŞDI: Laçın şəhəri qaytarılır, amma... –

“Laçın dəhlizinə alternativ yolun inşası başa çatdıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq”.

Metbuat.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.Onun sözlərinə görə, Ermənistan hazırda rusiyalı tərəfdaşları ilə danışıqlar aparır: “Belə ki, dəhliz rusiyalı sülhməramlıların tam nəzarəti altında olmalıdır”. Paşinyan bildirib ki, Azərbaycana təhvil veriləcək Laçın şəhəri və Zabux kəndinin sakinləri mənzillə təmin olunacaq.

Paşinyanın bəyanatını şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, Laçın şəhəri və Zabuxun təmizlənməsi prosesində üç mümkün perspektiv ola bilər.

“Birincisi, orada qalan ermənilər çıxmağa etiraz edəcəklər. Hətta daxildən çatlaq səslər eşidilməyə başlanıb. Lakin razılaşma var və Paşinyanın açıqlaması İrəvanın prosesə hazırlaşdığını deməyə əsas verir. Bildirmək istəyirəm ki, bu məsələ Rusiyaya üçtərəfli razılaşmada “irəliləyiş” olduğunu göstərmək baxımından lazımdır. İkinci perspektiv odur ki, həmin kəndlərdən çıxmaq istəməyən ermənilər geridə qalanları məhv etmək istəyəcək. Biz onların müharibədən sonra evlərə od vurduqlarını görümüşük, analoji addımın Laçın şəhərində və Zabuxda da atılacağı istisna deyil. Üçüncü variant odur ki, oradan çıxarılan ermənilərin hara köçürüləcəyi də vacib məqam sayılır. Onların Ermənistana, yoxsa Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə köçürülməsi də bəlli deyil. Paşinyan bu ermənilərin mənzillə təmin ediləcəyini deyir, lakin mənzilin harada veriləcəyini açıqlamır. Mənzilin Ermənistan hökuməti tərəfindən təmin ediləcəyini nəzərə alsaq, onların Ermənistan ərazisinə köçürüləcəyi məntiqi ortaya çıxır, hərçənd, Qarabağa – separatçıların olduğu ərazilərə köçürülmələri də istisna deyil, xüsusilə sülhməramlıların olduğu bölgədə ermənilərin sayının artırılması istəyi fonunda bu mümkündür”.

Ekspert qeyd etdi ki, Azərbaycan tərəfi bu məsələyə xüsusi diqqət yetirməlidir. Çünki Laçın şəhəri və Zabuxda yaşayan ermənilər Ermənistanın müxtəlif yerlərindən və Yaxın Şərqdən bu bölgəyə köçürülüb yəni onlar “Qarabağ erməniləri” deyil. (Qarabağda hazırda qalan ermənilərin əksəriyyətinin də sonradan bölgəyə köçürülənlər olduğu ayrı bir həqiqətdir).

“Misal üçün, Zabuxun qondarma “icma rəhbəri” Çavuşyan 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabuxa köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb. Bakı bu ermənilərin Qarabağa gətirilməməsi, eyni zamanda, evlərin və digər obyektlərin məhv edilməməsi məsələsini rusların qarşısında qaldırmalıdır, - deyə Asif Nərimanlı qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR