“Gizli düşmən” sənədli filmi ictimaiyyətə təqdim olunub -

İşğaldan azad olunmuş torpaqlarda mina təhlükəsi ilə bağlı hazırlanan “Gizli düşmən” sənədli filmi geniş ictimaiyyətə təqdim olunub.

Metbuat.az xəbər verir ki, film "Media Təhlil Mərkəzi" İctimai Birliyi (MTM) ilə CBC telekanalının yaradıcı heyətinin birgə işbirliyi sayəsində ərsəyə gəlib.

Ekran əsərində Ermənistan ordusunun işğal dövründə və torpaqlarımızdan çıxarkən basdırdığı minaların insanlarımıza yaratdığı təhlükədən danışılır, postmünaqişə dövrünün ən ağrılı mirasının indiyə qədər yüzlərlə vətəndaşımızın həyatına son qoyduğu bildirilir. Uzun illərdən sonra öz torpağını görmək üçün doğma yurduna gedən ailənin faciəvi sonluğundan bəhs edilir. Filmdə Minatəmizləmə Agentliyinin fəaliyyətindən, hər gün ölüm təhlükəsi ilə üzləşən cəsur minaaxtaranların qəhrəmanlığından da danışılır.

Filmin ideya müəllifi Vüqar Xəlilov bildirib ki, işğaldan azad olunmuş ərazilər çoxlu sayda mina və partlamamış hərbi sursatla çirklənib: “Hazırda minaların tapılaraq zərərsizləşdirilməsi istiqamətində ANAMA və digər müvafiq strukturların intensiv fəaliyyət göstərməsinə baxmayaraq, bu təhlükə Azərbaycan vətəndaşlarının həmin ərazilərdə sərbəst fəaliyyəti üçün ciddi maneə olaraq qalır. İnsanların öz torpağında əmin-amanlıq şəraitində və təhlükəsiz mühitdə yaşaması üçün dövlət əlindən gələni edir. Vətəndaşın dövlətə inamı isə bu önəmli vəzifənin də öhdəsindən uğurla gəlinəcəyinə təminat verir”.

“Hər birimiz minanın real təhlükə olduğunu nəzər almalıyıq. Minalanmış ərazilərə gələrkən səhlənkarlıq, məsuliyyətsizlik və qaydalara etinasızlıq ağır nəticələrə və bədbəxt hadisələrə gətirib çıxara bilər”. Bu sözləri isə filmin ssenari müəllifi Ayaz Mirzəyev deyib. O bildirib ki, vətəndaşlarımız mina təhlükəsizliyinə ciddi yanaşmalı, ərazilərin minalardan təmizləməsi ilə əlaqədar fəaliyyətə dəstək verməlidir. O, bu filmin əsas məqsədinin məhz mina probleminin miqyasını göstərmək olduğunu deyib.

Filmin yaradıcı heyəti əmindir ki, dövlətimiz bu təhlükənin də öhdəsindən gələcək və xalqımız işğaldan azad olunmuş ərazilərdə rahat və təhlükəsiz yaşayacaq.

Qeyd edək ki, filmin ideya müəllifi, CBC kanalının baş direktoru Vüqar Xəlilov, texniki direktoru Fuad Ağamalıyev, ssenari müəllifi və redaktoru Ayaz Mirzəyev, rejissoru isə Zəka Quludur.

“Gizli düşmən” (Hidden Enemy) sənədli filmi beynəlxalq auditoriyaya təqdim olunmaq üçün ingilis dilinə də tərcümə olunub. Filmin ingilis dilində subtitrlərlə hazırlanmış versiyasını CBC kanalının rəsmi "Youtube" səhifəsindən izləyə bilərsiniz:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR