İşğaldan azad olunmuş rayonlara avtomobillə nə vaxt gedə biləcəyik? –

44 günlük Vətən müharibəsindən sonra azad edilmiş torpaqlara səfər etmək istəyən çox həmvətənimiz var. Amma ərazilərin minalardan təmizlənmə prosesi davam etdiyi üçün hələ də gözəl Qarabağa səfər etmək istəyi hər zaman mümkün ola bilmir.

Yanvarın 24-də işğaldan azad edilmiş Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobusları yola düşüb. Şuşa və Ağdama avtobus reyslərinin açılmasından sonra

Qarabağın azad edilmiş digər bölgələrindən olan sakinləri də öz torpaqlarını şəxsi avtomobilləri ilə ziyarət etməyə həvəsləndirib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Metbuat.az-a verilən xəbərə görə qrum tərəfindən işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində 25 iyun tarixində Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilib.

“Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Qeyd edək ki, ilkin olaraq daşımaların və sərnişinlərin təhlükəsizliyi, infrastruktur nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması məqsədəuyğun hesab edilmişdir. İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərə yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir”.

Bəs azad edilən digər torpaqlarımıza səfərlərin təşkili yaxın zamanda mümkün ola bilərmi?

“Marşrutların açılması “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur”.

Məsələ barədə millət vəkili Cavid Osmanov Metbuat.az-a bildirdi ki, təhlükəsizlik məsələləri həll olunduqca hər kəs arzuladığı qədər səfər edib, torpaqlarımızda dincələ biləcəkdir.

“30 il müddətində torpaq həsrəti yaşayan vətəndaşlarımızın Qarabağa səfər etmək istəkləri ilə bağlı yaşadıqları hisslər başa düşüləndir. Azərbaycan dövlətinin yürütdüyü siyasətin mərkəzində hər zaman insan amili, onun sağlamlığı, qorunması dayanmışdır. Qarabağa səyahət etmək üçün ilk belə marşrutlar Şuşaya təşkil olunub. Yaxın müddətdə Füzuliyə belə marşrutlar təşkil olunub. Məlumat üçün bildirim ki, il yarım ərzində 220 soydaşımız mina qurbanı olmuşdur. Bunların otuzundan çoxu artıq öz həyatını itirmişdir. Yerdə qalanları müxtəlif formada bədən xəsarətləri almışdılar. Çox güman ki, digər ərazilərimizdə də artıq təhlükəsizlik tam təmin olunduqdan və minalardan təmizləndikcə mərhələli şəkildə digər ərazilərimizə səfərlər təşkil oluna bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR