"Ölkəni, cəmiyyəti inkişaf etdirənlərdən biri də jurnalistlərdir" -

""Media haqqında" qəbul olunan qanun Azərbaycanda bu sahənin inkişafına böyük yeniliklər gətirməli, töhfələr verməlidir".

Bu açıqlamanı millət vəkili Vüqar İskəndərov edib. Onun sözlərinə görə, ölkəni, cəmiyyəti inkişaf etdirən onun aydınlarıdır.

"Aydınlar içərisində ən aparıcı təbəqə jurnalistlərdir, jurnalistikadır. Jurnalist peşəsi çox şərəfli peşədir. Bu peşənin məsuliyyətini daşıyan insanlar həmişə dövlətin qayğısı ilə əhatələnməlidirlər. "Media haqqında" qəbul olunan qanun, təbii ki, bütün bu məsələləri özündə ehtiva edir. Sürətlə dəyişən dünyada informasiyanı almaq, ötürmək ən vacib məsələlərdən biridir. Sosial şəbəkələrin inkişafına əsaslanaraq, insanların özlərinin də informasiya daşıyıcısı, ötürücüsü olduğunu nəzərə alsaq, medianın üzərinə çox böyük vəzifə düşür. Bu sürətli dəyişimlərdə media yolunu tutmalı, cəmiyyəti ardınca aparmalıdır. 22 İyul Milli Mətbuat Günü münasibətilə qələm əhlini, jurnalistlərimizi ürəkdən təbrik edirəm. Düşünürəm, yeni qəbul olunmuş qanun Azərbaycan jurnalistikasının hərtərəfli inkişafına böyük töhfələr verəcək" .

Qeyd edək ki, fevralın 8-də Prezident İlham Əliyev “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

“Media haqqında” qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Bu qanun Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilə bilər. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.

Qanun müasir tələblərə cavab verir. Ölkənin plüralist informasiya mühitinin gücləndirilməsinə şərait yaradır.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR