Şuşa fatehlərindən qazi Əli Zamanzadənin toyu oldu -

...Toy, toy, toydur bu gün...Amma bu toy adi toy deyil... II Qarabağ müharibəsi qazisi, qəhrəmanı Əli Zamanzadəyə çalınan toy vətənə sipər oğullara göstərilən diqqətin, məhəbbətin sanki əyani nümayişdir... Əlinin toyunu özəl, gözəl edənsə çalışdığı Lənkəran Dövlət Universiteti (LDU) kollektivinin hamılıqla xoş günündə cani-dildən iştirakıdır. Elə universitetin rektoru, professor Natiq İbrahimovun toya xanimı ilə birgə qatılması da çox şey deyir.

Qeyd edim ki, bu gün ailə həyatı quran Əli Zamanzadə bu hörməti, diqqəti haqq edən vətənpərvər gənclərimizdəndir. Tanışlıq üçün bildirim ki, Əli Bəhram oğlu Zamanzadə 1997-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirəndən sonra yüksək balla Bakı Dövlət Universitetinin Regionşünaslıq(Amerika) ixtisasına qəbul olunub. Ali təhsilini uğurla başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Lənkəran Dövlət Universitetində işə qəbul olunub, tyutor kimi çalışıb. 2020-ci ilin 27 sentyabrında başlayan, xalqımız üçün ölüm-dirim məsələsi olan 44 günlük Vətən müharibəsində Hava Hücumundan müdafiə bölmələrinin tərkibində iştirak edib. Füzulidən Laçına qədər ağır döyüş yolu keçib. Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Şuşa, Laçın uğrunda ağır döyüşlərdə qəhrəman kimi döyüşüb.

Vətən müharibəsindəki şücaətinə görə Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 2021-ci ilin yanvar ayında Şuşadan tərxis olunduqdan sonra Əli yenidən doğma kollektivə qayıdıb və fəaliyyətini davam etdirib.

...Yeni evlənən gənclərin başı üstündə asılmış 3 rəngli Azərbaycan bayrağı bu toyun vətənpərvərlik ruhunda keçəcəyinə bir işarə idi. Belə də oldu. Toy Azərbaycan Respublikasının Dövlət Himni ilə start götürdü, şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı, Əli Zamanzadənin döyüş yolunu əks etdirən video-çarx nümayiş olundu, bütün çıxışlar vətənpərvərlik ruhunda oldu, toy boyunca bu ruhda olan musiqi nömrələri ifa edildi.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun xeyir-duası təkcə yeni evlənən gəncləri yox, bütün iştirakçıları duyğulandırdı. Vətənə övladlıq borcunu ləyaqətlə ödəmiş Əliyə ən xoş arzularını bildirən rektor toyda ailəlikcə iştirakından sonsuz fərəh duyduğunu dilə gətirdi, xalqın öz qəhrəman oğulları ilə qürur duyduğunu, qəhrəman qazilərə dövlətin həmişə dayaq olduğunu dedi. “Bu gün LDU ailəsinin yaşadığı sevinc ikiqatdır, çünki gəlin Ruhanə Dadaşzadə də LDU-nun kompüter mühəndisliyi ixtisasında təhsil alan əlaçı tələbələrimizdəndir” deyən Natiq İbrahimov yeni ailə həyatı quran gənclərə birgə ömür yollarında uğurlar arzulayaraq doğma kollektivin bundan sonra da onlara hər cür dəstək göstərəcəyini xüsusi vurğuladı.

Toyda yeni evlənən gənclərin sevincinə şərik olanların arasında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Möhübbət Babayev də var idi. İcra rəsmisinin də toya rektor kimi xanımı ilə qatılması vətənpərvər qaziyə göstərdiyi hörmətin nişanəsi idi. O da gənclərə xoş arzularını bildirdi, sülh, müharibəsiz dünyada yaşayıb yaratmağı arzuladı.

“Yaşa, Azərbaycan”ın möhtəşəm melodiyası altında bəy-gəlinlə birgə bütün LDU kollektivi qol götürüb oynadı, bəyin sevincinə sevinc qatdı...Bu toy adi toy olmadı. Ömür gün yoldaşını vaxtsız itirmiş bəy anasının-Lalə müəllimənin bir qanadı yox idi uçmağa. LDU ailəsinin övladına belə diqqəti, maddi və mənəvi dəstəyi, şad günündə yanında olmaları anaya da bir dünya sevinc bəxş etmişdi...

Bu toydan Lənkəranda hələ çox danışılacaq. O toydan ki, bütün LDU ailəsi qazi həmkarının sevincini öz sevinci bildi, yanında oldu, vətənpərvər oğlunu lazımınca dəyərləndirdi.

Toyun mübarək, qəhrəman qazi, Şuşa fatehi!

Toyun mübarək bizim Əli, bizim Ruhanə!

Qoy bundan sonra qazilərimizlə bağlı ancaq xoş xəbərlərin sevincini paylaşaq-Əli Zamanzadənin toy xəbərinin yaşatdığı sevinc kimi!

Esmira İsmayılova

LDU-nun Mətbuat xidmətinin rəhbəri.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR