Koronavirusla bağlı xəstəxanalarda vəziyyət necədir? -

Dünyada hazırda COVID-19-a yoluxma sayında artım müşahidə edilir. Bugünədək dünyada 585 143 027 nəfər koronavirusa yoluxub, 6 424 682 insan isə virusun qurbanı olub. Eyni zamanda, koronavirusa yoluxmuş 555 milyon 361 787 insan sağalıb.

Ötən sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına 512 yeni yoluxma faktı qeydə alınıb, ölən olmayıb. Ümumilikdə, Azərbaycanda indiyədək 799 983 nəfər virusa yoluxub. Onlardan 787 479 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib, aktiv xəstə sayı isə hazırda 2 752 nəfərdir.

Bəs, ölkəmizdə pandemiya ilə əlaqədar vəziyyət nə yerdədir. Suallarımızı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva cavablandırdı.

Yaqut xanım, hazırda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət nə yerdədir:

- Hazırda ölkəmizdə koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır. Baxmayaraq ki, gündəlik yoluxma saylarında artım müşahidə edilir. Hamı xəstəliyi eyni keçirmədiyi üçün risk qrupuna - xroniki xəstəlikləri olanlar, yaşlılar, immuniteti zəif olan pasiyentlər xəstəxanada müalicə alırlar, amma xəstə yatışında hər hansı ciddi artım yoxdur.

Yaqut Qarayeva:

Bəs, koronavirusun hansı ştamına daha çox yoluxma var?

- İndiki vəziyyətdə koronavirusun "omikron" ştamının alt növlərinə yoluxma çoxluq təşkil edir.

Gündəlik yoluxma sayının artımı ilə əlaqədər qapalı məkanlarda tibbi maskadan istifadənin bərpa olunmasını zəruri hesab edirsinizmi?

- Səhiyyə Nazirliyi sanitar-epidemioloji xidmət, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) mütəxəssisləri tərəfindən indiki vəziyyətdədə əhaliyə olan müraciətlər və tövsiyələr risk qruplarında olan insanları əhatə edir. Qapalı məkanlarda , insanların sıx olduğu yerlərdə maskadan istifadə etmək məsləhət görülür. Məsafənin saxlanılması, əl gigiyenasına nəzarət, üçüncü - buster doza vaksinin vurulması tövsiyə olunur.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR