Bakı, 2 iyun, Xatirə Cəfərova, AZƏRTAC
İyunun 2-də Bakıda Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 8-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komissiyanın iclasına Azərbaycan tərəfdən həmsədrliyi rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Avstriya tərəfdən isə iqtisadiyyat, ailə və gənclər üzrə federal nazirin müavini xanım Bernadette Qirlinqer edib.
Hər iki ölkənin iqtisadi göstəriciləri, eləcə də qarşılıqlı ticarət dövriyyəsi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti barədə məruzə edilib. Qeyd olunub ki, Avstriya Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələri ilə əməkdaşlığa maraq göstərir və region ölkələri içərisində böyük iqtisadi potensiala malik Azərbaycan Avstriya tərəfi üçün xüsusi əhəmiyyət kəsb edir.
İclasda qarşılıqlı ticarət dövriyyəsi və iki ölkə arasındakı iqtisadi əlaqələrin səviyyəsinin yüksəldilməsi məqsədilə yeni əməkdaşlıq sahələri barədə fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 8-ci iclasının protokolu imzalanıb. Sənədi Azərbaycan tərəfdən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Avstriya tərəfdən isə iqtisadiyyat, ailə və gənclər üzrə federal nazirin müavini xanım Bernadette Qirlinqer imzalayıblar.