Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir. Tarixi mənbələrdən də aydın göründüyü kimi, erməni millətçiləri "dənizdən-dənizə" böyük imperiya xülyasına qapılaraq XIX-XX əsrlərboyu Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasətini davam etdirmişlər.
1828-ci ildən, Türkmənçay sülh müqaviləsi imzalandıqdan sonra müqavilənin şərtlərindən biri kimi, İrandan imperiya sərhədlərinə qatılmış ərazilərdəki demoqrafik vəziyyəti dəyişmək üçün İrəvan və Qarabağ xanlıqlarının mövcud sərhədləri içinə köçürülən ermənilər XIX əsrin 60-70-ci illərindən başlayaraq azərbaycanlılara qarşı analoji siyasətin əsasını qoydular. Burada yaşayan azərbaycanlılar isə zaman- zaman – 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. 1988-1991-ci illərdə SSRİ dövlətinin himayəsi altında Ermənistan dövləti Qərbi Azərbaycandan- indiki Ermənistan ərazisindən 250 mindən artıq azərbaycanlını ata-baba torpaqlarından deportasiya etmişdir. Ümumiyyətlə, XX əsrdə iki milyondan çox azərbaycanlı torpaqlarımızda yerləşən indiki Ermənistanda soyqırıma məruz qalmışdır.
Qədim yurd yerimiz – Qərbi Azərbaycan
Qərbi Azərbaycan zəngin tarixi, mədəniyyəti, adət-ənənəsi olan tarixi Azərbaycan bölgəsidir. Bu bölgənin dərin kökləri və özünəməxsus siması olan memarlığı, xalq sənəti, musiqi ənənələri formalaşmışdır. Elmə, təhsilə böyük həvəs və hörmət, mütərəqqi mədəniyyətə rəğbət bölgənin insanları arasında görkəmli siyasətçilərin, elm və mədəniyyət xadimlərinin yetişməsinə səbəb olmuşdur. Bu gün Qərbi Azərbaycan adlandırdığımız ərazi əvvəl Çuxursəd bəylərbəyliyi sonra isə Səfəvi dövləti tərkibində olan Azərbaycan torpaqlarıdır. Nadir şahın qətlindən sonra bu ərazidə İrəvan xanlığı yaradılıb. İrəvan xanlığı da birmənalı olaraq Azərbaycan torpaqları olduğuna görə Azərbaycan ərazisidir. 1828-ci il Türkmənçay müqaviləsinə qədər bu əraziyə gələn səyyahlar, tarixçilər, ticarətlə məşğul olanlar hər biri bu ərazini Azərbaycan ərazisi kimi görüb. Bu ərazidəki bütün tarixi və dini abidələr azərbaycanlı əhaliyə məxsus olub. Həm tarix, həm də məntiq birmənalı mübahisəsi sübut edir ki, bu torpaqlar Azərbaycan torpaqlarıdır” XX əsrdə erməni millətçilərinin torpaqlarımızın mənimsənilməsinə yönəlmiş düşmənçilik siyasəti, Sovet hakimiyyəti tərəfindən həyata keçirilən deportasiyalar Qərbi azərbaycanlıları öz yurd-yuvalarından didərgin salmış və çoxsaylı insan tələfatı ilə nəticələnmişdir.
Dövlət başçısı cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə Qərbi Azərbaycanın, İrəvanın, Zəngəzurun və Göyçənin tarixi Azərbaycan torpaqları olduğunu vurğulayıb. Ölkə rəhbərinin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məsələni bir daha bəyan etdi: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki, tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Xalqımızın taleyində faciəvi rol oynamış tarixi faktlardan biri 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə tarixi şəhərimiz - İrəvanın Ermənistana bağışlanması olub. Bundan sonra erməni milliyyətçiləri daha da iştahlanaraq min bir fitnə-fəsadla tarixi Azərbaycan ərazilərinə ard-arda yiyələnməyə başlayıblar, 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını da sovet hakimiyyətinin köməyi ilə Ermənistana birləşdirməyə nail olublar. Amma bu da xalqımıza, qərbi azərbaycanlılara qarşı törədilən faciələrin sonu olmayıb. 1948-1953-cü illərdə sovet hökumətinin xalqımıza qarşı növbəti cinayətinin nəticəsi olaraq qərbi azərbaycanlılar növbəti deportasiyaya məruz qalıblar. 1980-ci illərin sonlarında Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm də onların sovet hökumətindəki havadarları azərbaycanlılara qarşı həyata keçirdikləri sistemli cinayətləri davam etdiriblər. Ümummilli Lider Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldıraraq və sovet hökumətinin dəstəyini alaraq, həm Qarabağda, həm də Ermənistan SSR-də xalqımıza qarşı növbəti cinayətə başlayıblar. Azərbaycanlılar tarixi diyarları Qərbi Azərbaycandan deportasiya ediliblər.
Ötən illər ərzində Ermənilər qəsb etdikləri qədim Azərbaycan torpaqlarında maddi-mədəni irsimizə qarşı da soyqırımı siyasəti həyata keçiriblər, o cümlədən də Qərbi Azərbaycanda. Əzəli torpaqlarımız İrəvana, Zəngəzura, Göyçə mahalına zorla yiyələnən ermənilər özlərinə saxta tarix quraşdırmaq üçün ilk növbədə o ərazilərdəki qədim toponimlərimizə hücum ediblər. Yer adlarımızı dəyişdirib uydurma erməni adları qoyublar, türk dilində mövcud olan yer adlarını dəyişdiriblər.
Tarixi zəfərdən böyük qayıdışa
Ümummilli Liderimizin 1993-cü ilin ağır, həyacanlı günlərində Azərbaycan xalqının təkidli tələbi nəticəsində ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın sabitlik, inkişaf və tərəqqi mərhələsi başladı. Ulu Öndərimiz Heydər Əliyevin bütün vəsiyyətlərini sədaqətlə həyata keçirən Müzəffər Prezident İlham Əliyev cənablarının müasir dövrün çağırışlarına cavab verən uzaqgörən siyasəti sayəsində və zəngin dövlət idarəetmə təcrübəsi ilə Azərbaycan bu gün tarixinin intibah dövrünü yaşayır. Vətən müharibəsi tamamilə yeni reallıqlar yaratdı. Bu reallıqlar Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunmuş hüquqlarını bərpa etməsi, torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın işğal siyasətinə birdəfəlik son qoyulmasıdır. Bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir və etibarlı tərəfdaş imicini qazanıb. Həm Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun böyük müsbət nəticələri özünü göstərdi. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir.
44 günlük Vətən müharibəsində qazandığımız parlaq zəfərin üzərindən heç bir gün keçməmiş, Müzəffər Ali Baş Komandan İlham Əliyev yurdlarından didərgin salınan yüz minlərlə insanın tezliklə doğma torpaqlarına qovuşacağının müjdəsini vermiş, demişdi: “Siz köçkün deyilsiniz, siz qayıdırsınız”.
Bəli, bu gün görülən işlər, Şərqi Zəngəzurda və Qarabağda böyük quruculuq və bərpa işləri aparılır. İşğaldan azad edilən torpaqlarımızda infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Eyni zamanda barbar ermənilərin illərlə divan tutduğu tarixi, mədəni, dini irsimiz bərpa olunur. Yeni şəhərlərin təməli qoyulur, "ağıllı kənd"lər salınır. Soydaşlarımız doğma yurd yuvalarına qayıdır. Əlbətdə bu qayıdış təkcə Şərqi Zəngəzura, qarabağa deyil həm də Qərbi Azərbaycana böyük qayıdış gözləyir.
Qərbi Azərbaycana qayıdışın astanasında
Azərbaycan addım-addım özünün tarixi məqsədlərinə doğru irəliləyir. Vətən müharibəsində qazanılan Qələbə son 200 illik tariximizin ən böyük zəfəridir. Son iki əsrdə xalqımız daim torpaq itkilərinə məruz qalıb. Buna Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və mahir sərkərdəlik qabiliyyəti sayəsində Vətən müharibəsində son qoyuldu. Azərbaycan iki əsrdə ilk dəfə olaraq itirilmiş torpaqlarını geri qaytardı. Qələbəmizdən doğan tarixi reallıqların nəticəsidir ki, qarşıda soydaşlarımızı Qərbi Azərbaycana böyük qayıdış gözləyir. Bu hədəfi Prezident cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bəyan etdi. “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”, - deyə dövlətimizin başçısı vurğulayıb. Prezident İlham Əliyev soydaşlarımızın Qərbi Azərbaycana qayıdacaqları ilə bağlı hədəfi bəyan edərkən azərbaycanlıların xarakterində olan çox mühüm bir amilə - xalqımızın tarixi yaddaşına istinad edib. Müqayisə aparan dövlətimizin başçısı bildirib: “Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”. Görüşdə Möhtərəm Prezident tarixi faktlara nəzər salaraq Qərbi Azərbaycanın əzəli və əbədi tarixi torpaqlarımız olduğunu dünya ictimaiyyətinə bir daha bəyan etdi: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.”
Dövlət başçısı əvvəllər Qarabağın azərbaycanlı icmasına məxsus binanı qərbi azərbaycanlılara hədiyyə etməklə, həm də bu soydaşlarımızın da tezliklə tarixi torpaqlarına qaytarılacağına rəmzi işarə vurdu. “Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik”-fikiri ilə bir daha hər bir soydaşımızda böyük ümid və inam yaratdı.
Beynəlxalq konvensiyaları özündə ehtiva edən Qayıdış konsepsiyası
Dövlət başçımızın Qarabağ İcamsının bir qrup üzvü ilə görüşdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasının xüsusi qeyd edilməsi artıq özündə bütün məqamları birləşdirir. Dövlət başçısı bu məsələni xüsusi vurğulayaraq dedi: “Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu, çox sanballı sənəd olmalıdır…”
Ali Baş Komandanın qeyd etdiyi kimi, məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı ümummilli arzularımız necə reallığa çevrildisə, çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıdış arzularımız da gerçək olacaq. Buna isə xalqın inamı sonsuzdur. Çünki, bunu təmin edəcək qüdrətli liderimiz, müzəffər sərkərdəmiz və güclü ordumuz var.
Bəli, bu, tarixin də, zamanın da tələbidir və Qərbi Azərbaycana qayıdış prosesi mütləq gerçəkləşdiriləcək. Tarixi ərazilərimizə qayıdışın gerçəkləşəcəyinin əminliyini isə bizdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruq" sayəsində qazandığı parlaq Zəfər yaratdı. Qarabağ və Şərqi Zəngəzura doğma sakinlərin qayıdışı yaratdı!
Arzu Abdullayev
Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru