Azərbaycanlı futbolçu İspaniya millisindən dəvət aldı -

Azərbaycanlı futbolçu Raul Dadaşov bir neçə aydır ki, İspaniyanın Regional Liqasında mübarizə aparan “Penas Oscenses Club Deportivo”da çıxış edir.

Meydana çıxdığı iki oyuna beş qol vuran 17 yaşlı mərkəz hücumçusu “Qarabağ”ın U-14, “Sumqayıt”ın isə U-15 və U-17 komandalarında oynayıb.

Metbuat.az xəbər verir ki, gənc oyunçu İspaniya karyerası ilə bağlı “Report”un suallarını cavablandırıb.

- Nə vaxtdan futbolla məşğul olursunuz?

- 17 aprel 2006-cı ildə dünyaya gəlmişəm. 10 ildən çoxdur ki, bu idmanla məşğulam. İlk müəllimim Kənan Kərimov olub. Bura gələnədək də onunla əlavə məşqlər edirdim. “Qarabağ” və son olaraq “Sumqayıt” klubunda çıxış etmişəm. Martın 20-də İspaniyaya gəldim. Hazırda Hueska şəhərini təmsil edən “Penas Oscenses Club Deportivo”dayam.

- Klubla neçə illik müqavilə imzalamısınız?

- Sözləşmənin müddəti dörd ildir.

- Hazırda 17 yaşınız var. Qarşıdakı hədəfləriniz nədir?

- “Barselona” və ya “Real” (Madrid) kimi klublardan birində oynamağı özümə hədəf kimi müəyyənləşdirmişəm. Bu işi bacaracağıma inanıram.

- İspaniyaya getdikdən sonra Azərbaycandan sizinlə əlaqə saxlayan olubmu?

- İdman barəsində yalnız Kənan Kərimov əlaqə saxlayıb.

- Dördüncü divizion olsa da, çempionatın səviyyəsi necədir?

- Demək olar ki, burada bizim Premyer Liqaya bərabər futbol gedir.

- Orada bizim ölkəni tanıyırlarmı? Bu müddətdə hansı çətinliklə üzləşmisən?

- Azərbaycanı tanıyan kütlə çox azdır. Bir az dil problemi var. İngilis dilini bilirəm, amma ispanlar bizim kimi öz dillərini sevirlər.

- Tək yaşamaq 17 yaşlı gənc üçün çətinlik yaradırmı?

- Təbii ki, çətinliklər var. Ancaq bir hədəfim var, ona çatmaq üçün əlimdən gələni etməliyəm.

- Niyə məhz İspaniya?

- Buraya gəlməmişdən əvvəl Türkiyənin “Beşiktaş” klubunun skautları məni bəyənmişdilər, transfer etmək də istəyirdilər. Amma mən İspaniyanı seçdim.

- Aşağı yaş qruplarından ibarət milli komandalarda çıxış etmisinizmi?

- Xeyr. Amma dəvət etmişdilər. Ötən il U-17 ilə Maltaya getmək üçün mənim üçün viza da aldılar. Amma yekunda aparmadılar. Milli komanda ilə bağlı qərarımı gələcəkdə verəcəyəm.

- Niyə aparmadılar?

- O barədə dəqiq nəsə deyə bilmərəm. Özləri bilər.

- Aparmamaqlarında hansısa xüsusi səbəb olub?

- Mənlə bağlı problem yox idi. Sadəcə, məşqçilərin qərarı belə oldu.

- Milli komanda üçün qərarınızı gələcəkdə verəcəyinizi dediniz. Azərbaycandan başqa millidə çıxış etmək haqqında düşünürsünüz?

- Məsələn, İspaniya yığmasından təklif gəlsə, hər kəs düşünmədən qəbul edər.

- İspaniya olsa belə, öz ölkənizi seçmək daha düzgün olmazdımı?

- Əlbəttə, doğrudur. Amma məni çağırmırlar və oynamağa şans vermirlər. Sözsüz ki, milli komandanı mən də sevirəm. Təklif gəlsə, qərarlaşdırıb bir cavab verəcəyəm.

- Nəzərə almaq lazımdır ki, hələ 17 yaşınız var. Belə düşünmək üçün tezdir...

- Bəli.

- Adınızın Raul olmasının “Real”ın sabiq futbolçusu Raul Qonsaleslə əlaqəsi varmı?

- Bəli. Atam onun azarkeşi idi. Həmin oyunçunu çox sevdiyi üçün adımı Raul qoyub.

- İspaniyada bu ad sizə əlavə üstünlük verir?

- Bəli. Hamı məni ispan kimi tanıyır (gülür).

- Kumiriniz kimdir?

- Zlatan İbrahimoviç.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR