Yaşlandıqca insanın saçları ağarmağa başlayır. Ancaq bəzən gənc yaşlarda da ağ saçlar görünə bilər. Saçların ağarmasına səbəb olan bir çox amillər var. Vitamin və mineral çatışmazlığı, stress, pis və zərərli vərdişlər, hormonal balanssızlıq, nizamsız qidalanma kimi bir çox faktor saçların vaxtından əvvəl ağarmasına səbəb olur. Adətən saçları ağaran şəxslər bu problemi saç boyası ilə aradan qaldırmağa çalışır. Lakin saç boyalarının tərkibində çoxlu kimyəvi maddələr olduğu üçün saçları zədələyir və saçın sağlamlığını korlayır. Evdə boya istifadə etmədən ağ saçları təbii şəkildə təbii rənginə qaytarmağın bəzi yolları var.
Metbuat.az saçların ağarmasının qarşısını alan və ağ saçları əvvəlki rənginə qaytaran üsulları təqdim edir. Çuğundur suyu saçların ağarmasının qarşısını almaqda effektiv ola bilər. Çuğundur suyu həmçinin saç köklərini qidalandırır və saç tökülməsini dayandırır. 15 gün mütəmadi olaraq saça çəkilən çuğundur suyu ağaran saçları əvvəlki rənginə qaytara bilər. Bir neçə çuğunduru qaynadın. Su sərin olandan sonra saçınıza çəkin və bir saat saxlayın. Ardınca su ilə yuyun. Çuğundur suyu saçınıza qırmızımtıl bənövşəyi rəng verə bilər. Qoz həm saç köklərini qidalandırır, həm də saçların sağlam uzanmasına kömək edir. Qoz ağ saçlarınızı tündləşdirə bilər. Qara qozun qabıqlarını suda qaynadın. Soyuyandan sonra saçınıza çəkin. Bir saat saxlayın və su ilə yuyun. Qara qoz saçlarınıza tünd qəhvəyi rəng verə bilər. Limon suyu C vitamini mənbəyidir. Saçlara canlılıq və parlaqlıq verir. Təzə limon suyunu sıxın və saçınıza çəkin. Bir neçə saat gözləyəndən sonra su ilə yuyun. Limon suyu saçlarınıza açıq sarı rəng verə bilər.