Dünyada fövqəladə vəziyyət başa çatdı

Dünya ölkələri xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər.

Metbuat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı 15-ci iclasında deyib.

İclasda Komitə tərəfindən qeyd olunan tövsiyələrə əsasən, Qebreyesus COVID-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını təsdiq edib.

Qebreyesus, eyni zamanda bildirib ki, bu qərar COVID-19-un qlobal sağlamlıq təhlükəsi olaraq sona çatması demək deyil: “Keçən həftə dünyada COVID-19 hər 3 dəqiqədə 1 nəfərin ölümünə səbəb olub. Virus hələ də bizimlədir, yoluxma hallarının və ölümlərin artmasına səbəb ola biləcək yeni ştamların yaranma riski qalmağa davam edir”.

Qeyd edək ki, Beynəlxalq Tibbi-Sanitariya Qaydalarında (2005) ictimai səhiyyədə beynəlxalq fövqəladə hal “xəstəliyi digər ölkələrə yayma riski daşıyan və potensial olaraq əlaqələndirilmiş beynəlxalq cavab tədbirləri tələb edən fövqəladə hadisə” kimi müəyyən edilib. Bu, hadisənin ciddi, qəfil, qeyri-adi və ya gözlənilməz hal kimi səciyyələndirilməsi deməkdir və bu təqdirdə xəstəlik təsirə məruz qalan dövlətin sərhədindən kənarda ictimai sağlamlıq üçün təhlükə doğurduğuna görə təcili beynəlxalq tədbirlər görülməsi tələb olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı