​Brüssel görüşündə tarixi qərar: Ərazi bütövlüyü tanındı - Bundan sonrakı ssenari belə olacaq

14 may tarixində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş baş tutdu.

Sayca beşinci olan görüşü iki ölkə arasında münasibətlərin normallaşması, gündəliyin irəliləməsi baxımından faydalı və konstruktiv hesab etmək olar.

9 aylıq fasilə

İlk növbədə onu qeyd etmək lazımdır ki, müxtəlif müdaxilə və pozuculuq cəhdlərinə görə, “Brüssel formatı”nda görüşlər 9 aya yaxın bir müddətdir keçirilmirdi. Müxtəlif müdaxilə və pozuculuq cəhdi deyərkən, söhbət Fransanın prosesə müdaxiləsində gedir.

Rəsmi Paris hər vəchlə “Brüssel formatı”nda iştirak etmək, sanki onun moderatorluğu ilə təşkil edilibmiş kimi təəssürat yaratmağa çalışırdı. Məhz rəsmi Parisin bu müdaxilələri fonunda Bakı görüşlərdən imtina etmişdi. Bütün bunlara baxmayaraq 9 aylıq fasilədən sonra “Brüssel formatı”nda görüşlərin yenidən başlaması və əldə edilən nəticələr formatın sülh prosesi üçün ən uyğun format olduğunu bir daha sübut edir.

“Alma-Ata Bəyannaməsi”nə sadiqlik

Görüşün ən diqqətçəkən məqamı tərəflərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunun bəyan etmələri oldu. Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadrat kilometr və Azərbaycanın 86,600 kvadrat kilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Prinsip etibarilə rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünə hörmət edir və tanıyır.

Eyni qaydada Azərbaycan 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə zidd heç nə etməyib. Ermənistan isə Azərbaycan ərazilərinin 20 faizini işğal edərək bu Bəyannaməni pozan tərəf idi. İndiki məqamda rəsmi Bakının bəyannaməni qəbul edib Ermənistanın ərazi bütövlüyünü tanıması simvolikdir. Lakin Ermənistanın məhz Brüsseldə bunu qəbul etməsi vacibdir. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa Birliyi platformasında etiraf etdi. Ermənistan bundan sonra Azərbaycana ərazi iddiası ilə çıxış etsə və ya sərhəddə gərginlik yaratsa Qərb rəsmi Bakını atacağı addımlara görə asanlıqla tənqid edə bilməyəcək.

Çünki Ermənistan Brüsseldə üzərinə götürdüyü öhdəlikləri pozmuş olacaq. Prinsip etibarilə tərəflərin “Alma-Ata Bəyannaməsi”nə əsaslanması həm də sərhədlərin delimitasiyasını tezləşdirə bilər. Hər halda sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.

Zəngəzur dəhlizi

Görüşün diqqətçəkən məqamlarından digəri də şübhəsiz Zəngəzur dəhlizi ilə bağlıdır. Şarl Mişel görüş zamanı tərəflərin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə irəliləyişə nail olduğunu qeyd edib. “Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb.

Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər”.

Bunu bu və ya başqa formada Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin reallaşması ideyasının Avropa Birliyi tərəfindən dəstəklənmiş oldu kimi qiymətləndirmək olar. Prinsip etibarilə Ermənistan ilə Azərbaycan arasında gərginliyin azalması, əlaqələrin normallaşması Aİ maraqlarına uyğundur. Aİ yaxşı bilir ki, rəsmi Bakının regionda yeni nəqliyyat və enerji layihələri icra etmək kimi planları var. Bu planların icrası önündə ən böyük maneə Ermənistandır. Yeni enerji layihələrinin icrası Avropanın enerji asılılığından xilası baxımdan olduqca vacibdir. Bu mənada Aİ Zəngəzur dəhlizi məsələsində rəsmi Bakı ilə ortaq maraqlara sahibdir.

Qarabağ ermənilərinin hüquqları

Şarl Mişel görüş zamanı tərəflərin Qarabağda yaşayan ermənilərin hüquqlarından danışdığını qeyd edib. Mişelin dediklərindən diqqətçəkən əsas məqam görüş zamanı yalnız Qarabağ ermənilərinin “hüquqları və təhlükəsizliyi”ndən, Bakının bu qrup insanlarla açıq dialoqundan danışmasıdır. Yəni danışıqlar zamanı heç bir statusdan, hətta beynəlxalq mexanizmlərdən söhbət getməyib.

Prinsip etibarilə rəsmi Bakı Qarabağda yaşayan ermənilər ilə dialoqa başlayıb. Bu istiqamətdə Xocalıda bir görüş də təşkil edilib. Hətta növbəti görüş yeri kimi Bakı şəhəri təklif edilib və 3 dəfə müraciət ünvanlayıb. Lakin bu görüşlərdən yayınan erməni tərəfidir. Rəsmi Bakının bu məsələni beynəlxalq mexanizmlə həll etməsi müzakirə mövzusu belə deyil. Azərbaycanın daxili məsələsi yalnız onu maraqlandırmalıdır. Brüssel görüşündə bundan öncə olduğu kimi bundan sonra da yalnız Ermənistan-Azərbaycan sülh gündəliyi, münasibətlərin normallaşması müzakirə edilməlidir.

Politoloq Turan Rzayev / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı