Təhsil İnstitutu məktəblərdə apardığı tədqiqatın nəticələrini açıqlayıb

Təhsil İnstitutu məktəbdə formativ qiymətləndirmə zamanı rəqəmsallaşdırmadan istifadə ilə bağlı tədqiqatın nəticələrini açıqlayıb.

İnstitutun Mətbuat Xidmətindən Metbuat.az-a bildirilib ki, formativ qiymətləndirmənin rəqəmsallaşdırılması mövzusunda tədqiqatın aparılmasında əsas məqsəd rəqəmsal texnologiyanın formativ qiymətləndirmənin təkmilləşdirilməsində təklif etdiyi potensialı anlamaq və bu istiqamətdə atılan addımları necə asanlaşdıra biləcəyi ilə bağlı müzakirələri inkişaf etdirməkdir.

Bu məqsədlə, kəmiyyət tədqiqat metodologiyasından, tədqiqat metodu kimi sorğudan, tədqiqat aləti kimi isə onlayn sorğu anketindən istifadə olunub. Sorğuda ölkə üzrə ümumi təhsil məktəblərində fəaliyyət göstərən və müxtəlif təhsil səviyyələrində tədris aparan 598 müəllim iştirak edib.

Tədqiqatdan əldə edilən nəticələr aşağıdakı kimi olub:

- Qiymətləndirmənin öyrənmə nəzəriyyəsinə inteqrasiyası, tədris və öyrənmə prosesi ilə əlaqələndirilməsi və yeni rəqəmsal təcrübələrin qəbuluna dair istəklərə baxmayaraq, təhsil müəssisələrində qiymətləndirmə ilə bağlı fəaliyyətlərin ləngidiyi iddası öz təsdiqini tapır.

- Müəllimlərin müasir qiymətləndirmə nəzəriyyələrində, xüsusən əks əlaqə və qiymətləndirmənin məqsədlərinin praktikaya inteqrasiyasında boşluqları mövcuddur.

Tədqiqatda iştirak edən 590 (98.7%) müəllim tədris prosesində formativ qiymətləndirmə apardığını təsdiq etdiyi halda, “Formativ qiymətləndirməni necə aparırsınız?” sualına cavabları ümumi olmuşdur. Belə ki, öyrənmə prosesində şagirdin davamlı irəliləyişini izləməyə, onun öyrənməsini dəstəkləməyə yönəlmiş qiymətləndirmə prosesi sorğuda iştirak edən müəllimlərin fikirləri ilə daha dar çərçivədə şərh edilmişdir. Sorğu iştirakçılarının formativ qiymətləndirmənin effektivliyi ilə bağlı fikirləri öyrənilmişdir. Onların böyük hissəsi formativ qiymətləndirmənin effektivliyini 4 (yaxşı) (59%) və 5 (əla) (27%) balla qiymətləndirmişlər. “Şagirdlərə müntəzəm olaraq konstruktiv rəylər verirsiniz?” sualını sorğuda iştirak edən 90,1% (539) müəllim müsbət cavablandırmışdır. Lakin konstruktiv rəyə dair yazılan nümunələr bunun əksini göstərmişdir.

Əlavə olaraq, sorğu iştirakçılarının formativ qiymətlədirmənin rəqəmsallaşdırılmasına dair fikirləri öyrənilmişdir. Respondentlərin 67%-nin (400) formativ qiymətləndirmənin rəqəmsal formada keçirilməsinə münasibətləri müsbət olmuşdur. Formativ qiymətləndirmənin rəqəmsal formada keçirilməsinə sorğu iştirakçılarının münasibətləri müsbət olsa da, “Formativ qiymətləndirməni necə rəqəmsallaşdırmaq olar?” sualına ≈24% “Bilmirəm”, “Bilmək istərdim”, “Fikrim yoxdur” kimi cavablar vermişlər. Buna baxmayaraq, sorğu iştirakçılarının 53% (315) “Rəqəmsal qiymətləndirmə alətləri ilə tanışsınızmı?” sualına müsbət cavab vermiş və bir neçə alətin adını verilmiş siyahıdan seçmişdir.

Sorğu iştirakçılarının “Formativ qiymətləndirmənin tamamilə rəqəmsallaşdırılması məqsədəuyğundur” fikrinə “Razıyam” və “Tamamilə razıyam” (n=209) fikri səsləndirənlər “Tamamilə narazıyam” və “Narazıyam” (n=318) fikrini qeyd edənlərdən az olmuşdur. Göründüyü kimi, respondentlərin 67%-i formativ qiymətlədirmənin rəqəmsallaşdırılması fikri ilə razı olsalar da, onun tamamilə rəqəmsallaşdırılmasını məqsədəuyğun hesab etməmişlər.

Sözügedən tədqiqat bir sıra tövsiyə və imkanları irəli sürür. Bunlara “yeni nəsil qiymətləndirmələr” və “21-ci əsrin qiymətləndirməyə yanaşmaları”nın yeni modellərinin yaradılması, eləcə də gələcək tədqiqatçıların rəqəmsal formativ qiymətləndirmənin şagird haqqında dəqiq məlumat verməsi, müəllimlərin iş yükünü azaltması, birgə öyrənməni dəstəkləməsi, ölçmə diapazonunu genişləndirməsi, şagirdyönümlü öyrənməni dəstəkləməsi və s. komponentlər üzrə araşdırması olmuşdur.

Aparılan tədqiqatın məhdudiyyətilərinə sorğuda iştirak edən böyük bir qismin (47,3%) rəqəmsal formativ qiymətləndirmə alətləri ilə tanış olmaması, hədəf qrupun qeyri-bərabər paylanması və tədqiqat aləti olaraq ancaq sorğudan istifadə edilməsi daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR