"Bakının işğaldan azad edilməsi Osmanlının borcu idi" - Türkiyəli general

1918-ci ilin 15 sentyabrında Nuru Paşanın komandanlığı altında Qafqazın İslam Ordusunun səyi ilə Bakı erməni–daşnak işğalından azad olunub. Tariximizdə möhtəşəm hadisəyə çevrilən həmin gündən 105 il ötür.

Bu barədə ehtiyatda olan türkiyəli general Yücel Karauz Metbuat.az-a danışıb. General deyir ki, keçmişi xatırlayarkən, həmin keçmişdə yaşananların günümüzə təsirinə nəzər salmaq lazımdır:

“Bu tarix Türkiyə-Azərbaycan qardaşlığının təməl daşlarından birini təşkil edir. 15 sentyabr həm Azərbaycan, həm də türk dünyası üçün çox önəmli bir tarixdir. Son dövrlərdə məlum olan faktlardan biri də odur ki, Nuru Paşa Azərbaycan ordususunun təməlinə də böyük töhfələr verib. O, Azərbaycanda könüllülərdən ibarət Azərbaycan korpusunu yaradır və bu korpus Bakının azad edilməsində, Azərbaycanda gedən döyüşlərdə şəxsən iştirak edərək vətənə xidmət edib.

O tarixdə Osmanlı İmperiyası yeddi cəbhədə vuruşduğu vaxtda Bakının azad edilməsi, Azərbaycan xalqının erməni soyqırımından qorunması üçün Azərbaycana gəldi. Bu Osmanlı İmperiyası üçün əsas öhdəliyə çevrilmişdi”.

Yeni müharibə başlaya bilər? -

Türkiyənin hərbi dəstəyi ilə Bakının azad edilməsinin Azərbaycan tarixində daha bir zəfər olduğunu qeyd edən Yücel Karauz xatırlatdı ki, Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verib:

“Bu tarixdə Türk sevdalısı olan Ənvər Paşanın rolu xüsusilə qeyd olunmalıdır. O ermənilərin törətdikləri zülmlərə, Azərbaycanın uğradığı haqsızlıqlara dözməyib, şəxsən qardaşı Nuru Paşanı Azərbaycana göndərmişdi. Fəaliyyət göstərdiyi dövrdə Qafqaz İslam Ordusu Göyçaydan Bakıya qədər olan əraziləri bolşevik-daşnak qüvvələrindən, Qarabağı erməni-daşnak quldurlarından, Cümhuriyyətin şimalını isə biçeraxovçu rus müdaxiləçilərindən azad etdi.

Ümumilikdə, Qafqaz İslam Ordusu Azərbaycan xalqına qarşı S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin həyata keçirdiyi soyqırımların dayandırılmasında və Azərbaycan Xalq Cümhuriyyətinin tarixində, xüsusilə milli ordunun yaranmasında və formalaşmasında mühüm rol oynamışdır. Bu mübarizədə şəhid olan qəhrəman türk övladlarının məzarları Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Naxçıvanda yerləşir. Azərbaycan xalqı bu günə qədər həmin şəhidlərin məzarını əmanət kimi saxlayıb, 70 il sürən rus-bolşevik iqtidarından qoruyub. Türkiyə, Anadolu türkləri olaraq Azərbaycan xalqının bu qədirbilənliyinə görə minnətdarıq”.

Xatırladaq ki, Bakının erməni-bolşevik işğalından azad edilməsi zamanı düşmənin çoxlu sayda silah-sursatı da müsadirə edildi. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatırdı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi. Bakı uğrunda döyüşlərdə 5-ci Qafqaz diviziyası 1300-ə qədər şəhid vermişdir. Ümumilikdə isə iyunun ortalarından sentyabrın 15-dək Qafqaz İslam Ordusunda döyüşlər zamanı şəhid olanların sayı isə təxminən 4000 nəfər olmuşdur.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı