Yuli Qusmana “Şərəf” ordeni təqdim edildi - FOTO

Dekabrın 21-də Mədəniyyət Nazirliyində Azərbaycanın Xalq artisti, Rusiyanın məşhur teatr və kino rejissoru, teleaparıcı, ictimai xadim, əslən Bakıdan olan Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, Yuli Qusman Prezident İlham Əliyevin 7 avqust 2023-cü il tarixli sərəncamı ilə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə bu ali ordenlə təltif olunub.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli 80 illik yubileyi və respublikamızın yüksək təltifinə layiq görülməsi münasibətilə Yuli Qusmana təbriklərini çatdırıb.

Qeyd olunub ki, ömrünün böyük hissəsini incəsənət sahəsinə həsr edən rejissor zəngin irs yaradıb. Bakılı olması ilə hər zaman fəxr edən sənətkar Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasına da öz töhfəsini verib.

Yuli Qusman çıxış edərək sənətinə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini rejissora təqdim edib, xatirə şəkli çəkdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı