2024-cü ildə minimum əməkhaqqı artacaq? - AÇIQLAMA

Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinin xərclərinə dair iqtisadi təsnifat üzrə bölgüsünə əsasən növbəti ildə dövlət bücəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur.

Amma göstəricidə hansı sahələrdə nə qədər əməkhaqqı artımlarının olacağını demək bir qədər çətindir.

Metbuat.az mövzu barədə iqtisadçı Pərviz Heydərovla söhbətləşib. İqtisadçı deyir ki, gələn il maaşların kompleks şəkildə artacağı gözlənilmir:

“Bu ilin əvvəlində ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23% artırılaraq 246 manat edilməklə yaşayış minimumu səviyyəsi ilə bərabərləşdirilmişdi. Yaşayış minimumu ilə ehtiyac meyarı qanunvericiliyə əsasən hər növbəti il üçün yenidən hesablanaraq, dövbət büdcəsi ilə birgə təsdiq edilir. Minimum aylıq əməkhaqqısa hökumətin qərarından asılıdır. Yəni illərlə artırılmaya da bilər, bir ildə 2 dəfə də artırıla bilər. Misal olaraq, 2019-cu ildəki vəziyyəti göstərə bilərik”.

Son 5 ildə dövlət tərəfindən artırılan əmək haqqı, pensiya və müavinətlərin statistikasını xatırladan Pərviz Heydərov vurğuladı ki, minimum əməkhaqqı artırılarkən həm dövlət, həm də özəl sektorda maaşlar artır ki, bu da işəgötürənlərin bundan aşağı maaş təklif edə bilməməsinə səbəb olur.

“Məsələnin ikinci tərəfi odur ki, həmin göstərici büdcə təşkilatlarında çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarını müəyyən edir.

Minimum əməkhaqqı 1 yanvar 2023-cü ildən 15%, yəni 300 manatdan 345 manata deyil, daha çox, yəni 20-25% də artırıla bilərdi. Ən azı ona görə ki, ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqı göstəricisini orta aylıq əməkhaqqı səviyyəsinin 60%-nə çatdırmağı öhdəlik götürüb. Cari ilin sonuna ölkədə orta aylıq əməkhaqqının 930 manat təşkil edəcəyini nəzərə alsaq, hazırda bu rəqəm heç 37%-ə də çatmır. Əsassız artım ilk növbədə dövlət sektorunda çalışan 700 min nəfərin aylıq tarif (vəzifə) maaşlarını inflyasiyanın yeminə çevirə bilər. İkincisi və ən mühümü isə minimum əməkhaqqının artımı işçilərin gəlirlərinə müsbət təsir etsə də, işəgötürənlərin xərclərini çoxaldır. Söhbət onların ödənişlərindən, həmçinin məcburi dövlət sosial sığorta haqlarından gedir”.

Gələn il əmək haqqlarının artıb artmaması səbəblərinə toxunan ekspert bildirdi ki, 2024-cü ilin dövlət büdcəsinin həcmi builkindən cüzi artıq olsa da, 2024-cü ildə əməkhaqlarının artırılması üçün nəzərdə tutulan vəsait 2023-cü ildəkindən 2 dəfə aşağıdır:

“Növbəti ildə dövlət büdcəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur ki, bu məbləğ cari ilin müvafiq göstəricinə nisbətən cəmi 510 milyon manat çoxdur. Yəni 6%. Müqayisə üçün qeyd edim ki, bu il üçün nəzərdə tutulan əməyin ödənilməsi fondu məbləğ baxımından ötən ildəkindən 1 milyard 31,5 milyon manat çox idi. Çünki, neft-qaz sektorundan vergi daxilolmaları azalır. Növbəti ilin dövlət büdcəsində neft sektorundan vergilərin iki dəfəyə qədər azalacağı gözlənildiyindən ümumi vergi daxilolmalarında 2023-cü ilin proqnoz göstəricisindən 7,5% geriləmə olacaq. Bundan əlavə, 2021-ci ilin əvvəlindən başlanan inflyasiya və bahalaşma prosesi nisbətən səngiyib. Cari ilin sonuna inflyasiyanın birrəqəmli səviyyəyə düşəcəyini dəqiq söyləmək mümkün olmasa da gələn il bunun reallaşacağı əminliklə göstərilir. Ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisinin artım səviyyəsi də bunu müəyyən mənada təsdiqləməyə imkan verir. O baxımdan ki, qeyd olunan göstəricinin bu il üçün 930 manat, gələn ilin yekununa isə 980 manat təşkil edəcəyi bildirilir. Hökumət həm də bu səbəbdən minimum əməkhaqqı artımına getməyi düşünmür. Lakin, minimum maaşın artırılmayacağı heç bir sahədə əməkhaqqı artımlarının baş verməyəcəyi demək deyil. Hər şey ilin gedişatından asılı olacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı