Azərbaycanda boşanmaların sayı niyə artıb? - Psixoloq açıqladı

Azərbaycanda boşananların sayında artım, evlənənlərin sayında isə azalma qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Boşanmaların sayi niyə artıb?

Mövzu ilə bağlı Metbuat.az-a danışan Psixoloq Taciyə Mehdisoy hesab edir ki, boşanmaların artması, evliliklərin azalması səbəbləri biri-biri ilə vəhdətdədir.

"Hər evli cütlüyün yaşadığı ailə problemləri özündən sonra yetişən gənclik üçün bir nümunə rolunu oynayır. Haqlı və ya haqsız səbəbdən boşanmalar gənc nəslin gözünü qorxudur. Amma təkcə səbəb bu deyil. Gənclər indi azadlığa, tabe olmamağa, ailə tərkibində ortaq yaşamamağa, sosial şəbəkə və filmlərdə göstərilən dəbdəbəli həyata daha çox meyllidirlər. Bunları əldə edə bilməyəndə qarşı tərəflə konfliktləri artır, münasibət korlanır, müzakirə mədəniyyəti aşağı olduğu üçün danışıqlar mübahisəyə, davaya, ayrılığa gətirib çıxarır. Əksər insanın fikir vermədiyi, nəzərə almadığı, ağlına belə gətirmədiyi məqamlardan biri ailə üzvlərinin qərəzidir".

Psixoloq qeyd edib ki, qərəzli şəxs heç vaxt hadisələrə obyektiv yanaşa bilməz: "Əgər hər hansısa bir qadın həyat yoldaşına "Niyə çörək almağı unutdun, nə yeyəcəyik?" - sualını versə, bu mübahisəyə səbəb olsa, demək ki, tərəflərin birində və ya hər ikisində qərəz var. Qadın həmin vaxt həqiqətən çörək alınmadığı üçün narahatdır. Amma kişi cavabında "Bu evin çörəyin hər gün kim alır? Deməli, mən hec vaxt çörək almıram?" - kimi reaksiya verirsə, söhbətə qərəzlə yanaşır".

Psixoloqun fikrincə, qərəz bütün münasibətlərdə dağıdıcı rola malikdir.

"İqtisadi və sosial səbəblər də boşanmaya və evlənməməyə əsas kimi götürülür. Amma bunlar yene də aysberqin görünən tərəfidir. Yetişkin insan özünü ehtiyaclarını, potensialını tanımalı ona uyğun davranmalıdır. Özünüzün iqtisadı azadlığı, saglam fikir yürütmə, qərar qəbul etmə bacarığı varsa ailəyə də sağlam töhvə verəcək. Başqasinin həyatında baş verən neqativ hallar onu icitməyəcək. Filmlərdə, sosial şəbəkələrdə göz oxşayan mənzərələri görüb həyatında israrla istəyib bunun üçün heç nə etməyən şəxs, qarşı tərəfdən gözləntisini kəsmədikcə münasibətlər korlanacaq" - deyə psixoloq qeyd edib.

Taciyə Mehdisoy onu da əlavə edib ki, gəncliyin bir qismi hal-hazırda səthi düşüncəyə malikdir:

"Ailə, onun dəyərləri, şəxsi dəyərlərlə üst üstə düşmür deyə məsuliyyət hiss etmirlər. Ailə tək sevgi deyil, eyni zamanda seçkidir. Seçmək üçün sağlam düşünməyi bacarmaq şərtdir. İnsan özünü tanıyıb ona uyğun seçim etməlidir. Hər işdə olduğu kimi burada da şəxsi mütəxəssisdən dəstək almaq faydalıdır. Əvvəllər də sadaladığımız problemlər olurdu, sadəcə qadınlar azad olmadığı, iqtisadi asılılığı olduğu üçün ayrılıq barədə düşünsələr də, qərar verə bilmirdilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı