“Arşın mal alan” tamaşası Cenevrədə nümayiş etdirilib

Cenevrədə “Les Salons” teatrının səhnəsində Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşası uğurla nümayiş olunub.

Metbuat.az xəbər verir ki, tamaşa Azərbaycan mədəni irsini təşviq edən, onu Avropada, xüsusilə də İsveçrədə populyarlaşdıran “İrs” (Heritage) Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Assosiasiya Azərbaycanın zəngin tarixi, musiqi və teatr irsini təşviq etmək məqsədilə tanınmış dramaturqların, yazıçıların və bəstəkarların əsərlərini yerli ictimaiyyətə təqdim edir. Bu dəfə Assosiasiyanın təşkilatçılığı ilə dahi bəstəkar və dramaturq Üzeyir Hacıbəylinin milli folklorumuzun incisi olan “Arşın mal alan” əsəri Cenevrədə təqdim edilib. Bakı Marionet Teatrının yaradıcısı və bədii rəhbəri Əməkdar incəsənət xadimi Tərlan Qorçunun konseptual ideyasına uyğun olaraq, Üzeyir Hacıbəylinin yaradıcılıq irsi bu teatrın repertuar siyasətini təşkil edir. “Les Salons” teatrında “İrs” Assosiasiyasının üzvləri “Arşın mal alan” tamaşasının nümayişi çərçivəsində “Leyli və Məcnun” tamaşasının kuklaları, bu tamaşa üçün Azərbaycan, Gürcüstan və Baltikyanı ölkələrin rəssamlarının hazırladığı dekorasiyalar, geyimlər, ağac üzərində oymalar sərgilənib.

Bakı Marionet Teatrının hazırladığı “Arşın mal alan” tamaşası ilk olaraq Cenevrədə BMT-də çalışan diplomatik korpusun üzvləri üçün nümayiş olunub. Sonra tamaşa iki gün ərzində üç dəfə yerli ictimaiyyət üçün nümayiş etdirilib. Beləliklə, isveçrəli teatrsevərlər gənc Əsgərlə Gülçöhrənin səmimi sevgi axtarışında hekayətindən bəhs edən Azərbaycan folklorunun incisi “Arşın mal alan” tamaşası vasitəsi ilə 20-ci əsrin əvvəllərinin Bakısı ilə tanış olublar.

Bakı Marionet Teatrının Azərbaycan xalqının zəngin mədəni irsinin ən müxtəlif sahələrini bir araya gətirir, poeziya, musiqi, milli geyim, naxış və rəqslərimizə dair dolğun təsəvvür yaradır. Burada müasirlik tarixlə ayaqlaşır, klassik irs modern axtarışlarla uzlaşır, ənənələr yeniliklərə qovuşur, Şərq ilə Qərb birləşir.

Üzeyir musiqisinin qüdrəti teatrın hər bir marionet kuklasında, dekorasiyalarda, aktyorlarımızın ifaçılıq tərzində öz əksini tapır. Məhz bunun sayəsində teatrın tamaşaları, dilindən və yaşından asılı olmayaraq hər bir kəs üçün anlaşıqlı və maraqlıdır. Fransa, Almaniya, ABŞ, Rusiya, Polşa kimi ölkələrdə uğurla nümayiş olunub.

Qeyd edək ki, mədəniyyətin bir xalqın ürək döyüntüsü olduğuna inam əsasında qurulan “İrs” Assosiasiyası Azərbaycanın incəsənət, ədəbiyyat, musiqi və kulinariya xəzinələrinin beynəlxalq səviyyədə dərindən dərk edilməsinə töhfə verməyə çalışır. Assosiasiyanın məqsədi Azərbaycanın yaradıcılıq irsini nümayiş etdirmək, yaymaq və qorumaq üçün mühit yaratmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı