Ramazanda necə qidalanmalıyıq? - Ekspertlərdən məsləhətlər

Ramazan ayında düzgün, balanslı və keyfiyyətli qidalanmaq vacibdir. Yaz fəslinə təsadüf etdiyindən oruc tutarkən aclıq və susuzluğu hiss etmiş oluruq. Bu səbəbdən imsak və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir.

Bu barədə Metbuat.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Ağa Salamov bildirib ki, Ramazan ayında oruc tutan şəxs günboyu yemək yemədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət yetirməlidir:


''Havalar sərin keçdiyi üçün, oruc tutanların susuzluqdan əziyyət çəkmək kimi problemi bir o qədər də olmur. Su balansını qorumaq üçün imsak və sahurda ədviyyatlı məhsullar, duzlu pendir, turşular, konservləşdirilmiş məhsullar, emal olunmuş ət məhsulları (kolbasa, sosiska, hisə verilmiş balıq) kimi qidalardan uzaq durmaq lazımdır. Bu cür qidalar gün ərzində susuzluq hissini artırır. Həmçinin qazlı rəngli içkilər, enerji içkiləri və qəhvədən uzaq durmaq lazımdır. Oruc tutanlar yaxşı olar ki, suya tələbat yaratmayan qidalar yesinlər. Bura əsasən yumurta, ağartı məhsulları, kərə yağı, nehrə yağı, qaymaq, qatıq, yüksək lifli qidalardan, mərci, lobyalı, noxud, çərəzlər və quru meyvələr istehlakı daxildir. Unutmayaq ki, gün ərzində orqanizmə tələb olunan 5 qram duzu biz qidalanma zamanı qəbul etməliyik. Artıq miqdarda və sürətli yemək sağlamlıq problemlərinə səbəb ola bilər. İftar süfrəsində ilk növbədə şorba, tərəvəz və salat olmalıdır. Həddindən artıq yağlı qidalara üstünlük verilməməlidir. Belə qidalar istehlak edilərsə, onların miqdarı minimal olmalıdır.


İnsan çəkisinin hər kiloqramına 1 qram zülal düşür, biz də o zaman bunun yarısını yəni, 50 faizi bitki mənşəlli, 50 faizi isə heyvan mənşəlli zülal ilə balanslaşdırıb o formada qəbul etməliyik. Əsas yeməyi yaxşı çeynəmək lazımdır. Həzm prosesimizi yaxşılaşdırmaq, mədənin lazımı qədər şirə ifraz etməsi üçün bu mütləqdir''.

Bəs Ramazan ayında gün ərzində susuzluqdan qatılaşmış qanı durultmaq üçün maye qəbulu hansı qaydada aparılmalıdır?

Bu barədə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib ki, istilik və rütubətin artması səbəbindən orqanizmin maye ehtiyacını ödəmək üçün iftar və imsak arasındakı saatlarda 2-2,5 litr su içmək lazımdır:

“Bədəndə maye ehtiyacını artıran çay və qəhvə istehlakı minimuma endirilməlidir. Xüsusilə çəki problemi və şəkəri yüksək olanların Ramazan ayında hazır meyvə şirəsi kimi içkilər əvəzinə bədənin maye ehtiyacını ödəyəcək mineral sulara üstünlük vermələri tövsiyə edilir. Bütün günü ac qalmaq qanda şəkər balansını pozur. Diabet xəstələri gündə 3 əsas yemək və 3 qəlyanaltı yeməlidirlər. Oruc tutmaq istəyən hipoqlikemiya riski olan diabet xəstələri həkimlərindən məsləhət almalıdırlar.

Oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır. Bu xəstələrin böyrək funksiyaları maye itkisi səbəbindən zəifləyir. Böyrək çatışmazlığı olan insanlar da oruc tutmaq üçün həkimlərin tövsiyələrinə əməl etməlidirlər. Xroniki xəstəlikləri, xüsusilə hipertoniya, ürək xəstəlikləri olan insanlar müəyyən saatlarda dərmanlardan istifadə etməlidirlər. Bu qrupdakı xəstələrin mütəxəssis həkim məsləhəti olmadan oruc tutması tövsiyə edilmir”.

Həddindən artıq çox su içmək ZİYANLIDIR

Oruc tutmağın faydaları barədə danışan Zakir Quliyev vurğulayıb ki, uzun müddət ac qalmaq insulin müqavimətini və qan şəkərinin azalmasına kömək edir. Həkim qeyd edib ki, insulin müqavimətinin azaldılması həm də qlükozanın qandan hüceyrələrə daha səmərəli şəkildə daşınmasına imkan verir:

“Bədəni yeniləyən oruc, bu təsiri sayəsində immunitet sistemini gücləndirir və insanı xəstəliklərə qarşı daha möhkəm edir. Normalda çox işləyən və yorulan həzm və bağırsaq sistemləri oruc sayəsində fasilə vermə şansı qazanır. Bu baxımdan oruc tutmaqla mədə və bağırsaqların istirahətinə icazə verə bilərsiniz. Eyni zamanda, oruc sinir hüceyrələrinin yenilənməsinə töhfə verməklə beyin sağlamlığını və idrak funksiyalarını yaxşılaşdırmağa kömək edir. Uzun müddət ac qalmaq hüceyrələrin yenilənməsini sürətləndirir və dəri hüceyrələri bu prosesdə canlanır və güc qazanır. Oruc tutmaq qan təzyiqi, xolesterin və trigliserid səviyyələrini azaltmağa kömək edir, bununla da ürək sağlamlığının qorunmasında böyük rol oynayır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı