Avropada "böyük güclərin" savaşı başlayır - Qalib kim olacaq?

Sabah futbol üzrə Avropa çempionatı start götürəcək. Almaniyanın üçüncü dəfə (1988, 2020, 2024) ev sahibliyi edəcəyi yarışda 24 milli komanda mübarizə aparacaq. Kritik siyasi-iqtisadi vəziyyətdə olan Avropa bu dəfə yaşıl meydanlarda ulduzların savaşına tamaşa edəcək.

Metbuat.az futbol ekspertlərinin AVRO-2024 ilə bağlı proqnozlarını öyrənib.

Tanınmış futbol mütəxəssisi, “Səbail” klubunun baş məşqçisi Şahin Diniyev bildirib ki, hansı komandanın çempion olacağını proqnozlaşdırmaq çətindir:

"Bizi çox maraqlı bir Avropa çempionatı gözləyir. Hər dəfə olduğu kimi, sürpriz komandalar da olacaq. Mənə elə gəlir ki, bu il biz Fransa, İspaniya, Almaniya arasında böyük bir rəqabət izləyəcəyik.

Türkiyə axır vaxtlar yüksəlişdədir. Deməzdim çempion olacaqlar, ancaq qrupdan çıxmaq şansları çoxdur. Qardaş ölkəmizdir, nə qədər irəli gedəcəklərsə, hər birimiz onlara azarkeşlik edəcəyik".

Millimizin sabiq üzvü, futbol şərhçisi Aslan Kərimovun sözlərinə görə, TOP-5 futbol ölkələrinin çempionluq şansı daha yüksəkdir:

"Kimin çempion olacağını deyə bilmərəm. Təbii ki, TOP-5 futbol ölkəsi var ki, onlar çempionluğa daha yaxındılar. Fransa millisi həmişəki kimi. Heyət baxımından da götürsək, Çempionlar Liqasında demək olar hər güclü klubun heyətində fransız oyunçu var. Bundan əlavə, potuqallar və ingilislərin şansları az deyil. Və təbii ki, ev sahibi olaraq Almaniya. Baxmayaraq ki, son Dünya və Avropa çempionatlarında hücumçu problemi yaşayaraq, nəticə əldə edə bilmədilər. Amma indi düşünürəm ki, nəsil dəyişikliyi də baş verib, favoritlər arasında olacaqlar.

İtaliya millisini də yaddan çıxarmaq olmaz. Son çempionatlarda uğurlu olsalar da, Xorvatiyanın şanslarını yüksək dəyərləndirmirəm. Nəsil dəyişikliyi oldu və Modriç, Perişiç kimi oyunçular artıq yaşlıdır. Onları əvəz edənlər nə dərəcə uğurlu olacaq, bilmirəm. Digər komandalar üçün bu sadaladığım millilərlə mübarizə aparmaq çətin olacaq. Adətən deyirlər ki, çempionatı yaxşı hücum xətti olan, turnirləri isə yaxşı müdafiə xətti olan komandalar qazanır. Mənim fikrimcə, müdafiə ilə hücumun balansını saxlaya bilənlər qazanırlar. Bu da hər mövqedə güclü oyunçuları olan komandalarda mümkündür ki, o da həmin TOP-5 ölkələrində var".

Tanınmış idman şərhçisi Sənan Şəfizadə isə İngiltərə, Fransa, Portuqaliya və Almaniyanı favorit sayır:

"Avropa çempionatı azarkeşlər üçün əsl bayramdı. Bir ay ərzində hamıya futbol bayramından zövq almağı arzulayıram. Qitə çempionatında hər zaman olduğu kimi gözəl qollar, bir-iki sensasiya və yüksək həyəcan gözləyirəm.

Hazırkı məqamda İngiltərə, Fransa, Portuqaliya və Almaniyanı əsas favoritlər hesab edirəm. Bu komandaların heyəti demək olar ki, idealdır. Oyun baxımından əksər rəqiblərini üstələyirlər. Ronaldo, Mbappe, Modriç, Kroos kimi ulduzlar qitə çempionatında çox gərgin mübarizə yaradacaq. Eyni zamanda oyundan çox nəticəni düşünən İtaliya millisini siyahıdan silmək olmaz. Luçanno Spaletti bütün proqnozları alt-üst edə bilər".

İdman jurnalisti Kənan Məstəliyev də AVRO-2024 ilə bağlı fikirlərini bizimlə bölüşüb. O bildirib ki, Avropa çempionatı həmişə gərgin mübarizə ilə yadda qalır:

"Dünya çempionatından fərqli olaraq, burada gücü bir-birinə yaxın olan komandalar çıxış edirlər. Həm də Avropa dünya futbolunun mərkəzidir. Ona görə də, maraqlı çempionat, maraqlı rəqabət olacaq.

Favoritlər bəllidir. Mənə görə favorit Fransadır. Çünki heyətləri çox güclüdür, super futbolçulardan qurulmuş bir komandadır. Bu səbəbdən bir nömrəli favorit Fransadır. Düşünürəm ki, əgər bir sürpriz olmasa, finala qədər getməklərində problem olmayacaq. Almaniya meydan sahibi olsa da, nəsildəyişmə prosesini tam bitirə bilməyiblər. Əvvəlki Almaniya yoxdur. Yarımçıq vəziyyətdədilər. Məncə, Almaniyanın çempion olması sürpriz olar. İspanlar da güclüdülər. İtaliya o səviyyədə deyil, amma sürpriz edə bilərlər.

Türkiyə sürpriz edə bilər, amma finala qədər getmələri çətin olar. Baxmayaraq ki yaxşı nəsil dəyişib, gənc, istəkli heyətə malikdilər, amma o möhkəmlik yoxdur. Elə komandadır ki, qrupda da qala bilər, yarımfinala da çıxa bilər".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı