Samir Abasov "Neftçi"yə qayıdışından danışdı

Sanki "Neftçi"dən heç getməmişdim.

Metbuat.az xəbər verir ki, bunu "Neftçi"nin yeni baş məşqçisi Samir Abasov klubun televiziyasına açıqlamasında bildirib.

46 yaşlı mütəxəssis yenidən paytaxt klubunu çalışdıracağı üçün məmnun olduğunu deyib:

"Hisslərimi ifadə etmək çox çətindir. Sanki "Neftçi"dən heç getməmişdim. Düzdür, komandanın bazası yenilənib. Lakin komandada olan ab-hava eyni qalıb. Qayıdanda bilirdim ki, öz evimə dönürəm. "Neftçi"yə qayıtdığım üçün çox xoşbəxtəm".

Azərbaycan millisinin sabiq futbolçusu "ağ-qaralar"ın böyük klub olduğunu söyləyib:

"Bu komandanın böyüklüyündən danışmaq artıqdır. Hər kəs "Neftçi"nin necə böyük kollektiv olduğunu yaxşı bilir. Bu komandanın böyük azarkeş ordusu var. Stadiona gəlməyən azarkeşlər var ki, ürəkləri ancaq "Neftçi" ilə döyünür. "Neftçi"ni hansı baş məşqçinin çalışdırmağından asılı olmayaraq, hədəfləri böyük olub. Baxmayaraq ki, komanda hazırda çətin vəziyyətdədir. Bununla belə, məqsədlərimiz böyükdür. Baş məşqçilər "Neftçi"yə gələndə, hansı hədəflər uğrunda mübarizə aparacağını əvvəlcədən bilirlər. Mənim də məqsədim bu komanda ilə ən pik hədəflərə çatmaqdır".

Baş məşqçi hazırda hansısa dəyişikliklərdən danışmağın tez olduğunu dilə gətirib:

"1-2 oyundan sonra böyük dəyişikliklər barədə danışmaq riskdir. Çünki futbolçular da yeni baş məşqçiyə və onun futbol düşüncələrinə öyrəşməlidirlər. Bunun üçün müəyyən vaxt lazımdır. Dünən komandanı ilk məşqə çıxardıqdan sonra buradan böyük düşüncələrlə qayıtdım. Çünki futbolçularda əhval-ruhiyyə çox yüksək idi. İnşallah, tezliklə bizim düşüncələrimizlə futbolçuların bacarıqları bir-birini tamamlayacaq və ortaya çox yaxşı iş çıxaracağıq".

O, komandada yer alan futbolçulara inandığını bildirib:

"Hansı klubda işləməyimdən asılı olmayaraq, futbolçulardan gözləntilərim böyük olub. Futbolçuların məqsədləri böyükdürsə, mən də onlara öz gördüyüm işlə yardımçı olmağa çalışmışam. Yenə eyni düşüncədəyəm. Futbolçular öz işlərinə düzgün yanaşsalar, məqsədlərimizə daha tez çatacağıq. "Neftçi" kimi klub düşdüyü çətin durumdan tez bir zamanda çıxmalıdır".

S.Abasov "Neftçi" klubunun böyük azarkeş ordusunun olduğunu qeyd edib:

"Ümumiyyətlə, böyük klubun böyük azarkeşi olur. Bu söz əsl bizim komandaya uyğun gəlir. Ürəyi "Neftçi" ilə döyünən minlərlə azarkeş var".

Qeyd edək ki, Samir Abasov "Neftçi"nin baş məşqçi postunda müqaviləsinə qarşılıqlı şəkildə xitam verilən Roman Qriqorçuku əvəzləyib. O, qarşıdakı 2 ildə "flaqman"ı çalışdıracaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı