Samir Abasov "Neftçi"də tilsimi qırdı

Futbol üzrə Misli Premyer Liqasında X turun növbəti oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" doğma meydanda "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı üstünlüyü ilə başa çatıb. Paytaxt təmsilçisinin heyətində 45+3-cü dəqiqədə Ramil Şeydayev, 58-ci və 67-ci dəqiqələrdə Dembo Darbo fərqləniblər. "Səbail"in yeganə qoluna isə 90+3-cü dəqiqədə Samir Abdullayev imza atıb.

Qeyd edək ki, bu, "Neftçi"nin baş məşqçi postuna yeni təyinat alan Samir Abasovun ilk matçı olub. O, "Neftçi"nin qələbəsizllk seriyasına inamlı qalibiyyətlə son qoyub.

“Neftçi”nin baş məşqçisi Samir Abasov matçdan sonra fikirlərini bölüşüb:

“Nə qədər həyəcanlı olduğumu ifadə edə bilmərəm. Bilirəm ki, məndən, komandamdan, futbolçulardan gözləntilər nə qədərdir. Bütün təbriklər oyunçulara düşür. Baş məşqçinin 4-5 gün ərzində nələrisə dəyişməsi mümkünsüz bir şeydir. Görüləcək işlər çoxdur.
Baş məşqçi olaraq futbolçuların əksəriyyətini tanımıram. Əvvəlki vaxtdan tanıdığım 2-3 futbolçu qalıb. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da qəbul etdilər və məni anladılar. Onlarla etdiyim söhbəti burada danışmaq istəmirəm. İndidən bir-birimizi yaxşı qəbul etsək, yaxşı yerlərə çata bilərik. Hazırda məqsəd kapitanın kimliyi deyil. Əsas məqsədimiz meydanda baş verən proseslərdir. Hədəflərimiz yüksəkdir. İnanıram ki, buna çatacağıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı