Cənubi Qafqaz regionu xüsusən son dövrlər Qərbin maraq dairəsində özünəməxsus yer tutur.
Metbuat.az oxu.az-ın araşdırma yazısına istinadən xəbər verir ki, regionumuzda ölkələrin hər birində Qərb tərəfindən müxtəlif istiqamətlərdə planlar icra olunur. Ermənistan və Gürcüstanda nüfuz dairəsi daha geniş olan və fəaliyyətini şaxələndirmək imkanına sahib Qərb artıq bu ölkələrdə təhlükəli proseslərin rüşeymlərini əkməyi bacarıb. Yəni, bu ölkələrdə təhlükə artıq qapını döymür, qapıdan adlayıb bu ölkələrin daxili siyasət müstəvisinə sirayət edə bilib.
Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Əvvəla rəsmi Bakının güclü mövqeyi və iradəsi Qərbin ölkəmizdə at oynatmasına imkan vermir. Bununla yanaşı Azərbaycan öz regionunda diktə olunan deyil, diktə edən tərəfdir və bu dövlətimizin tam müstəqil şəkildə hərəkət etməsinə hər zaman imkan yaradır.
Ancaq yenə də Qərb Azərbaycana da nüfuz etməyə yollar axtarmağa davam edir. Təbii ki, bu prosesdə sapı özümüzdən olan baltalar sözügedən dairələrin işinə yarayır. Hədəf kimi Azərbaycan mətbuatının seçilməsi isə təsadüfi deyil, çünki fikir azadlığı, söz azadlığı, insan hüquqları adı altında daxili-siyasi sabitliyin pozulmasına yönəlmiş iddiaların işıq üzü görməsi üçün elə ən rahat platforma mətbuatdır.
Bu prosesdə xüsusi canfəşanlıq göstərən isə "Meydan TV"dir. Həmin "Meydan TV" ki onu tam əsaslı şəkildə Qərb dairələrinin ən çox nüfuz etdiyi media resursu adlandıra bilərik. Bu layihə xüsusən bir müddət əvvəl ABŞ və Qərb dairələrinin diqqət mərkəzinə düşüb.
Təbii ki, özünü "müstəqil media" kimi qələmə verən bu qurumun arxasında dayanan qüvvələr, maliyyələşdirən təşkilatlar onun mahiyyətini ortaya qoyur. Xüsusən maliyyə məsələsinə bir qədər nəzər saldıqda olduqca maraqlı mətləblər ortaya çıxır. Məsələn, qeyd edək ki, "Meydan TV"nin maliyyələşdirilməsi üçün Türkiyədə ABŞ vətəndaşının iştirakı ilə gizli və qanunsuz fəaliyyət göstərən ofis yaradılıb. Ofisin rəhbəri isə türk dilində mükəmməl danışan amerikalıdır. "Meydan TV" mənsubları öz aralarında bu şəxsi Mərt adlandırsalar da, əslində onların maliyyəçisi Metyu (Matthew) adlı şəxsdir. Artıq bu şəxs barəsində bir sıra faktlar ortaya çıxıb:
"Meydan TV"nin baş ofisi Berlin şəhərində yerləşir. Azərbaycandan əlavə Niderland Krallığı və Gürcüstanda nümayəndəlikləri var.
Media resursuna rəhbərlik edən ABŞ vətəndaşı 1992-ci il təvəllüdlü Met Kasper (Matthew Kasper) həmçinin Berlin şəhərində qeydiyyatdan keçmiş "Demokratiya uğrunda Assosiasiya" (Vereinigung für die Demokratie) adlı QHT-nin direktorudur. O, Nyu-York şəhərindəki Fordham Universitetində "Alman dili və ədəbiyyatı" ixtisası üzrə təhsil alıb, burada türk dilini öyrənib. 2014-cü ildə İzmir şəhərində ingilis dilini tədris edib, daha sonra Ankara şəhərində Orta Doğu Texniki Universiteti ilə Almaniyanın Humbolt Universitetinin birgə həyata keçirdiyi "Alman-Türk sosial elmləri" ixtisası üzrə magistr təhsili alıb.
Türk əsilli qadınla evlənən M.Kasper "Meydan TV" əməkdaşları ilə gizlilik məqsədilə "Mert Kasperoğlu" adı ilə türk dilində ünsiyyətdə yaradıb.
Beynəlxalq Jurnalistika Şəbəkəsinin (İnternational Journalism Network) rəsmi internet səhifəsində "Mühacirətdə media işini necə təşkil etmək?" mövzusunda paylaşılmış məqalə müəllifidir. M.Kasper "Meydan TV"dən əlavə Rusiya auditoriyasına hədəflənmiş "ROMB" (www.romb.tv) adlı media resursuna da rəhbərlik edib. Bu haqda məlumat "İnternational Journalism Festival" platformasının saytında da qeyd olunub.
M.Kasperin 2018 və 2019-cu illərdə Azərbaycana gəldiyi ortaya çıxıb. M.Kasper Bakı ofisinin rəhbəri, eləcə də Meydan TV-nin baş redaktoru Aynur Elgünəşə (A.Qənbərova) internet üzərindən tapşırıqlar verib, məvaciblər, ofislərin icarəsi və digər xərclər üçün maliyyə vəsaitlərinin göndərilməsini idarə edib.
A.Elgünəş də öz M.Kasperə maliyyə hesabatları yollayıb. Əmək haqqı ilə bağlı sənədlər Alman və Azərbaycan dillərində hazırlanıb, məvacibdən əlavə işçilərin ezamiyyət xərcləri və ildə bir dəfə tibbi müayinə xərcləri donorlar tərəfindən ödənilib.
Misal olaraq 07.10.2024-cü il tarixdə Met Kasper tərəfindən İstanbul şəhərində təqdim olunmuş 10.000 avro, 28.11.2024-cü il tarixdə isə İzmir şəhərində təqdim olunmuş 10.000 avro müxtəlif şəxslər tərəfindən ölkəmizə gətirilib.
M.Kasper müxtəlif qrant təşkilatlarından əldə etdiyi vəsaitlərlə "Meydan TV" əməkdaşlarını təlim məqsədilə Avropa ölkələrinə səfərlərə yollayıb. Bundan əlavə o, Azərbaycanın maraqlarına zidd materialların hazırlanması ilə bağlı xarici təşkilatların tapşırıqlarını müzakirə etmək və donorlarla görüş məqsədilə A.Elgünəşlə xarici ölkələrdə görüşüb.