Azərbaycanda biruşaqlı ailə modeli son illərdə daha çox yayılmağa başlayıb. Biruşaqlı ailələrdə valideynlər uşaqlarına daha çox diqqət və qayğı göstərirlər, onların təhsilinə və sosial inkişafına daha çox resurs ayırırlar.
Bəs Azərbaycanda ailələr nə üçün biruşaqlı ailə modelinə keçirlər?
Mövzu ilə əlaqədar sosioloq Lalə Mehralı Metbuat.az-a bildirib ki, bu, əslində ailədən ailəyə, fərddən fərdə dəyişən vəziyyətdir, amma ümumiləşdirsək, bir neçə səbəbini demək olar:
“Bunlardan birincisi maddi problemlərdir. Ailələr çoxuşaqlı olmağın marağında deyillər, çünki maddi tərəfdən təmin edə bilmirlər. Təhsil xərcləri, səhiyyə xərcləri, əyləncə, qidalanma, geyim – üst-üstə gələndə bir uşağın aylıq xərcləri ailənin ümumi gəlirlərinə bərabər olur. Ona görə də valideynlər bir neçə uşaq dünyaya gətirib təmin etməkdə problem yaşamaq istəmirlər. Bir uşağı tam təmin edilmiş formada böyütmək istəyirlər. Bir uşağın bütün ehtiyaclarını 2-3 uşaq arasında bölmək məcburiyyətində qalırlarsa, hamısının təminatını yarımçıq ödəməyə məcburdurlar. Bu da təbii ki, ailə tərəfindən istənilməyən bir vəziyyətdir. Dövlətin uşaq pulu məsələsində hələ də neytral qalması və ödəməməsi, işləyən qadınların analıq məzuniyyətinə görə az məbləğ alması, doğuşa görə birdəfəlik müavinətin azlığı ümumilikdə çoxuşaqlılıq meyarının qeyri-normal olması məsələlərində öz rolunu oynayır. Məsələn, üç uşaq çoxuşaqlılıq meyarı kimi qəbul edilsə (red. çoxuşaqlı analara müavinət verilir), əksəriyyət üç uşaq dünyaya gətirməkdə maraqlı olar. Amma bu gün bizdə minimum altı uşağın olmalıdır ki, çoxuşaqlı ailə sayıla bilərsən. 6 uşağa görə də heç kim yükün altına girmək, o riski almaq istəmir”.
Sosioloq qeyd edib ki, başqa bir səbəb qadınların təhsil məsələsinə önəm vermələridir:
“Qadınlar xüsusilə karyeralaralarında inkişaf etmək istəyirlər. Ona görə də bir uşaq dünyaya gətirib hər iki tərəfdən nəslin könlünü xoş etmək, daha sonra öz həyatlarını inşa etmək istəyirlər. Bəzən haqlıdırlar, çünki ailə qurana qədər onlar öz təhsillərinə çoxlu kapital yatırırlar və karyera qurub o kapitalı geri qazanmaq istəyirlər. Təbii olaraq uşağı da bu istiqamətdə əngəl görürlər. İki və daha artıq uşağın baxımı fərqli zamanları aldığına görə bir uşaqla kifayətlənmək onlar üçün daha rahat olur. Bəzi hallarda qadınlar qeyri-sağlam hamiləlik keçirirlər. Xüsusilə də karyerasına həyatını həsr edənlər gec ana olmaq olmağı seçirlər. Bu zaman sağlam hamiləlik məsələsi bir qədər qeyri-real hesab olunur. Çünki 22-25 yaşında bir qadının hamiləliyi ilə 30 yaşında olan qadının hamiləliyi eyni standartlarda olmur. Yaş irəlilədikcə qadın orqanizmi hamiləliyi daha ağır və məşəqqətli keçirir. Bəzən aylarla yataq rejimində olurlar və s. Ona görə də növbəti hamiləliyi qısıtlayırlar”.
L.Mehralı əlavə edib ki, biz tarixən çox uşaqlılığı sevən ölkə olmuşuq. Bir uşaqla kifayətlənən ailələr də, əslində, bunu könüllü istəyərək etmirlər, sadəcə təminat məsələsində əziyyət çəkməmək üçün məcbur olurlar”.
Sevinc İbrahimzadə / Metbuat.az