Bakıdakı faciənin daha bir müəllifi: onu siz də tanıyın - FOTO

Bakıdakı faciənin daha bir müəllifi: onu siz də tanıyın - FOTO
13:24 20 Yanvar 2015
103 Digər
Ölkə mətbuatı
A- A+

"Amerika siyasətində həmişə fürsət düşən kimi quzu dərisində görünməyə çalışan canavarlar uğur qazanır" (V.Şvebel)
 
1990-cı il, yanvarın 19-u. Bakıdakı 20 Yanvar qırğınına hələ bir gün var.
ABŞ Senatının xarici siyasət məsələləri üzrə alt komitəsinin sədri, senator Kleyborn Pell sabiq Sovetlər Birliyinin paytaxtı Moskvada SSRİ-nin o dönəmdəki xarici işlər naziri Eduard Şevardnadze ilə görüşür.
 
Söhbət əsnasında K.Pell bildirir ki, Sovetlər Birliyinin rəhbərliyi heç bir halda, heç bir vəchlə Azərbaycana Qarabağdakı ermənilər üzərində nəzarətə imkan verməməlidir.
 
"Azərbaycanlıların vəhşiliyi, onların ermənilərə divan tutması məni pərişan edir, dərindən təəssüfləndirir. Sovet hökuməti erməni əhalisinin təhlükəsizliyinin təminatı üçün bütün gərəkli və zəruri tədbirləri görməlidir", - K.Pell söyləyib.
 
Daha sonra isə o, diplomata, siyasətçiyə yaraşmayan ifadələr işlədir, faktiki olaraq Sovetlər Birliyi qarşısında ultimatum qoyur və həmsöhbətini hədələyir: "Sovet hökuməti Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. Azərbaycana bundan sonra da Dağlıq Qarabağ üzərində nəzarəti saxlamağa imkan vermək faktiki olaraq situasiyanı ağırlaşdırmaq, daha da pisləşdirmək olardı".
 
K.Pell Moskvada belə aqressiv, hər şeyi öz adı ilə çağırsaq, həyasız açıqlama ilə çıxış edəndə sadəlövhlüyə varmırdı. O, Vaşinqtonda dəstəkləndiyini, daha doğrusu, Ağ Evin mövqeyini Moskvaya çatdırdığını bilirdi və bu səbəbdən də aqressiv danışırdı.
 
1990-cı ilin martın 18-də isə bir qrup senator Sovetlər Birliyinin prezidenti Mixail Qorbaçova müraciət edərək "Azərbaycanın paytaxtı Bakıda yaxşı təşkilatlanmış azərbaycanlılar tərəfindən erməni əhalinin qətlə yetirilməsi, zorakılıqlara və qarətə məruz qalması ilə bağlı dərin narahatlığını" bəyan etmişdi. Onların yazdıqlarına görə, həlak olan 60, yaralanan 156 nəfər arasında "əksəriyyət ermənilərdi".
 
Həmin senatorlar Pit Uilson, Pol Seymak, Lerri Brekoler, Kleyborn Pell və Con Kerri idi.
O Con Forbs Kerri ki, indi ABŞ-ın dövlət katibidir və Birləşmiş Ştatların xarici siyasətini müəyyənləşdirən şəxslərdən biridir.
 
ABŞ Demokratik Partiyasının ən məşhur funksionerlərindən biri, 2013-cü ildən bəri dövlət katibi olan 61 yaşlı siyasətçi indi "ABŞ və Azərbaycan arasında əlaqələrin daha da intensivləşdirilməsi istiqamətində rəsmi Bakının müvafiq addımlar atacağına ümid etdiyini" deyir.
 
Halbuki 25 il əvvəl Azərbaycan və azərbaycanlılar ABŞ-a ümid edirdilər. O zamanlar ümumiyyətlə belə ümid böyukdü.
 
Düşünürdük ki, Birləşmiş Ştatlar dünyada demokratiyanın dayağı, alınmaz qalasıdır və bu səbəbdən də Bakıya yeridilmiş qoşunların törətdiyi ağlasığmaz vəhşətə göz yummaz, axan qanlara, tankların tırtılları altında əzilərək şəhid olan soydaşlarımıza qarşı törədilən cinayətlərə laqeyd qalmaz.
 
Amma Vaşinqton göz yumdu, laqeyd qaldı.
Bunun səbəbini, açığı, anlamırdıq.
"Axı niyə?! Necə?! Nə üçün?!" sualları illər boyu səsləndi.
Və illər sonra bəlli olur ki, Bakıdakı 20 Yanvar qırğınının təşəbbüskarlarından biri elə ABŞ olub.
Nə qədər paradoksal, ağlasığmaz səslənsə də, əfsuslar, belədir.
 
Qayıdaq bir qrup senatorun Mixail Qorbaçova məktubuna.
 
Onlar yazmışdılar: "Erməni azlığının qətllərinə, habelə regionda digər zorakılıqlara son qoyulması üçün bütün tədbirlərin görülməsini sizdən xahiş edirik. Vətəndaş sülhünün bərpa olunmasından savayı, ümid edirik ki, sovet rəhbərlərinin məqsədi vətənlərinə yollanmaq istəyən ermənlərin bu regiondan təhlükəsiz köçünün təminatı olacaq. Ümid edirik ki, Dağlıq Qarabağ və zəlzələ zonasında amerikalılarla digər əcnəbilərin çalışmağa davam etdikləri Ermənistanın iqtisadi blokadasına son qoyacaqsınız. Azərbaycandakı dəhşətli zorakılıq partlayışı Dağlıq Qarabağdakı 160 min erməninin Ermənistanla birləşməsinin vacibliyini bir daha göstərir.

Son 70 il ərzində Azərbaycanın hakimiyyət dairələri yalnız Dağlıq Qarabağda bölgə əhalisinin mədəni hüquqlarının tapdanmasında, habelə region sakinlərinin 60 faizini təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasında irəli gediblər. Beləliklə, sizdən təkidlə rica edirik ki, yaşanan faciə Qarabağın erməni xalqına bundan sonrakı yaşamlarını sovet dövləti çərçivəsində siyasi və mədəni muxtariyyət formasında davam etdirmək üçün şərait yaratmaq yolu ilə həll olunsun".

Maraqlıdır ki, 24 il əvvəlki müraciəti erməni mediası yayıb. Fəxrlə, təşəxxüslə. Yəni "Amerika o vaxtdan yanımızdadır".
 
Hazırda ATƏT-in Minsk qrupunun həmsədri olan ölkənin Dağlıq Qarabağdakı ermənilərlə bağlı belə mövqe tutması ABŞ-ın münaqişənin həllində obyektiv, tərəfsiz davranmasını şərtləndirə bilərmi?
 
Birləşmiş Ştatlardakı erməni icmasının diqtəsi ilə davranan, erməni pulları "lobbinq dəstəyi" formasında almaqdan əsla çəkinməyən amerikalı senatorların Bakıya, Azərbaycana, azərbaycanlılara qarşı qərəzsiz davrandıqlarına və bundan sonra obyektiv olacaqlarına kim, nəyə görə təminat verə bilər?
 
ABŞ-ın dövlət katibi, ailə qurandan sonra arvadının dinini qəbul edərək yəhudi olan Con Kerrinin indi də erməni lobbisinin təsiri altında olmadığını, Cənubi Qafqaz və xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarında və qərarlarında "zavallı ermənilərin maraqları"nı ön plana keçirmədiyini söyləyə bilərikmi?
 
Azərbaycanda "siyasi məhbuslar"dan bəhs edən, onların "dərhal azad olunmasını" istəyən Vaşinqtonun bu adamlara belə canfəşanlıq etməsinin səbəbinin o kəslərin məhz Ağ Evin maraqlarının məhbusu olduğunu söyləmək olarmı?
Çətin suallardır, cənablar. Çox çətin.
 
1990-cı ildə yanvarın 20-dən əvvəl sovet rəhbərliyindən faktiki olaraq erməni separatçılarına tam fəaliyyət azadlığı tələb edən, Bakıdakı azərbaycanlıları "barbar və vəhşi" sayan, bununla da Mixail Qorbaçova Bakıya divan tutulması barədə qərar üçün kart-blanş verən Vaşinqton indi Azərbaycanın səmimi dostu, strateji müttəfiqi və tərəfdaşı ola bilərmi?
Siyasətdə emosiyalar yox, maraqlar olduğundan mümkündür.
 
Amma bu ehtimal çox azdır.
24 il əvvəl Con Kerrinin imzaladığı müraciətdə obyektivlik, ləyaqət və vicdan qədər.
İndi özünüz qərar verin...
 
ABŞ-ın dövlət katibi, Vyetnam savaşında leytenant, Massaçusets ştatından seçilmiş senator, babası Frits Kon və nənəsi İda Lyovenin iudaizmdən imtina edərək katolikliyə keçdiyi, 1985-ci ildə polkovnik Oliver Nortu "İran-kontras" əməliyyatlarında suçlayan və 1989-cu ildə bu suçlamaların yalan olduğu aşkarlanan Con Kerri, görəsən, 25 il əvvəlki müraciətini unutmayıb ki?
 
11 il əvvəl Con Kerri prostat xərçəngindən əməliyyat edilmişdi və dediyinə görə, nəticə əla olub, ağrılardan qurtulub.
Vicdan ağrısındansa əməliyyatla qurtulmaq mümkün deyil, cənab Kerri.
Gərçi o ağrıları ümumiyyətlə hiss edirsinizsə...
 
Elçin Alıoğlu 






Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR