Zimbabvenin şimal-qərbində yerləşən Zambezi vadisində yaşayan Vadoma qəbiləsi özünəməxsus fiziki xüsusiyyəti ilə diqqət çəkir.

Metbuat.az xəbər verir ki, qəbilə üzvlərinin ayaqlarında digər insanlardan fərqli olaraq cəmi iki barmaq olur. Bu nadir xüsusiyyətin nəsillər boyu davam etməsində qəbilənin uzun müddət qapalı həyat tərzi mühüm rol oynayıb.

Tibb ədəbiyyatında bu vəziyyət ektrodaktiliya kimi tanınır.

Vadoma xalqında ayağın üç orta barmağı formalaşmır, qalan iki barmaq isə içəriyə doğru əyilmiş vəziyyətdə olur. Bu xüsusiyyətin xromosom 7-dəki genetik dəyişikliklə əlaqəli olduğu və valideynlərdən övladlara keçdiyi bildirilir.

Qəbilənin uzun illər ərzində xarici aləmdən təcrid olunması bu genetik xüsusiyyətin nəsillər boyu qorunmasına şərait yaradıb. Vadoma icmasında qəbilədən kənar insanlarla evliliyə məhdudiyyət qoyulduğu qeyd olunur. Belə qapalı həyat tərzi müəyyən genetik xüsusiyyətlərin icma daxilində daha geniş yayılmasına səbəb olur.

Maraqlıdır ki, qeyri-adi ayaq quruluşu Vadoma xalqının gündəlik həyatında ciddi maneə kimi qəbul edilmir. Əksinə, qəbilə üzvlərinin meşəlik və qayalı ərazilərdə hərəkət edərkən bu xüsusiyyətdən müəyyən üstünlük əldə etdikləri bildirilir. İçə doğru əyilmiş iki barmaq onların ağaclara və dik qayalıqlara qalxmasını asanlaşdıran təbii "dayaq" rolunu oynayır.

Vadoma xalqı ənənəvi həyat tərzini qoruyan icmalardan biri kimi tanınır. Onların mədəniyyətində təbiətlə bağlı müxtəlif inanclar da mühüm yer tutur. Qəbilə üzvlərinin əcdadlarının baobab ağaclarından gəldiyinə və ulduzlardan enən quşlarla əlaqəli olduğuna inandıqları qeyd edilir.