ABŞ Prezidenti Donald Trampın İrana qarşı nüvə silahından istifadə etməsi dünyada ciddi nəticələrə səbəb ola və digər nüvə dövlətlərinin davranışını dəyişə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş analitiki Larri Conson Mario Nawfalın YouTube kanalına müsahibəsində bildirib.

Consonun sözlərinə görə, Tramp nüvə zərbəsi ehtimalından ilk dəfə danışmır. Lakin hazırda prezident kimi onun belə bir əmr vermək səlahiyyəti var.

Keçmiş analitik qeyd edib ki, mövcud komandanlıq zəncirinə əsasən, prezident nüvə silahından istifadə barədə əmr verərsə, ABŞ-ın yüksək rütbəli hərbi rəhbərliyi onu müstəqil şəkildə ləğv edə bilməz. Əmr Strateji Komandanlığa ötürüləcək və onun icrası ilə bağlı qərar veriləcək.

Larri Conson hesab edir ki, İrana qarşı nüvə silahından istifadə “Pandora qutusunu aça” və Rusiya, Çin, Şimali Koreya və Pakistan kimi nüvə dövlətlərinin gələcək davranışına təsir göstərə bilər.

Onun fikrincə, belə bir addım ABŞ-ın özü üçün də son dərəcə ağır və təhlükəli nəticələr yarada bilər.