Dünyanın bəzi ölkələrində əhalinin artımını və gənclərin ailə qurmasını təşviq etmək məqsədilə müxtəlif maliyyə dəstəyi proqramları həyata keçirilir.
Metbuat.az xəbər verir ki, Türkiyədə bu istiqamətdə fərqli mexanizm tətbiq olunur. Gənc cütlüklərə faizsiz evlilik krediti verilir, ailədə uşaqların sayından asılı olaraq kredit ödənişlərinə əlavə güzəştlər tətbiq edilir.
Ailə və Gənclik Fondu çərçivəsində təqdim olunan kreditin məbləği cütlüklərin yaşına görə dəyişir. Hər iki şəxsin 18-25 yaş arasında olduğu ailələr 250 min lirə, tərəflərdən birinin 26-29 yaşında olduğu hallarda isə 200 min lirə faizsiz kredit əldə edə bilir. Kredit 48 ay müddətinə verilir və ilk 24 ay ərzində ödəniş tələb olunmur.
Maraqlı məqam isə güzəştlərin yalnız kreditin verilməsi ilə məhdudlaşmamasıdır. Gənc ailə kreditin ödəniş dövründə ilk övladını dünyaya gətirərsə, aylıq ödənişlər bir il müddətinə təxirə salınır. İkinci uşağın doğulması isə daha böyük güzəşt nəzərdə tutur - həmin tarixədək ödənilməmiş kredit borcunun tamamı silinir.
Beləliklə, proqram müəyyən şərtləri yerinə yetirən gənc ailələrə həm ailə qurarkən maliyyə dəstəyi almağa, həm də uşaqların doğulması ilə kredit yükünü əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.