Egey dənizində balıq ovuna çıxan balıqçıların toruna 2300 il əvvələ aid qiymətli tarixi əsər düşüb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Yunanıstanın Kalimnos adası yaxınlığında baş verib. Təxminən 120 metr dərinlikdə balıq tutan balıqçılar torlarına ilişən nəhəng bürünc qadın heykəli aşkarlayıblar. Heykəlin hündürlüyü 1,98 metrdir.
Helenistik dövrə aid olduğu müəyyən edilən heykəl “Kalimnos xanımı” adlandırılıb. Əsərin üzərindəki incə geyim və paltar qırışları qədim yunan heykəltəraşlığının yüksək səviyyəsini göstərir.
Heykəlin kimə aid olduğu isə hələ də dəqiq bilinmir. Onun Misir kraliçası III Arsinoeni və ya həmin dövrün nüfuzlu qadınlarından birini təsvir etdiyi ehtimal olunur.
Maraqlıdır ki, bu tapıntı bölgədə uzun illər davam edən sualtı araşdırmalara yol açıb. Yunanıstan hökumətinin heykəli təhvil verən balıqçıları mükafatlandırmasından sonra ərazidə daha bir sıra qədim əşyalar aşkarlanıb.
Tapıntılar arasında eramızdan əvvəl I əsrə aid amfora da olub. Bu fakt əsərlərin qədim dövrdə Yunanıstandan heykəllər daşıyan və dənizdə batan ticarət gəmisinin yükünə aid ola biləcəyini göstərib.
Lakin ərazinin 120 metr dərinlikdə yerləşməsi və güclü sualtı axınlar səbəbindən gəminin tam olaraq harada batdığı hələ müəyyən edilməyib.
Bərpa işləri başa çatdırılan “Kalimnos xanımı” hazırda Kalimnos Arxeologiya Muzeyində nümayiş etdirilir. Heykəl muzeyin ən qiymətli və diqqətçəkən eksponatlarından biridir.