Şimali Amerikanın şirin sularında yaşayan nərə balığı ilə bağlı yeni araşdırma elm dünyasında böyük maraq doğurub. Məlum olub ki, bu balıq növünün bəzi fərdləri əvvəllər düşünüldüyündən dəfələrlə uzun ömür sürə bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin apardığı araşdırmaya əsasən, göl nərə balıqlarının bəzi fərdləri 400 ildən çox yaşayır. Hesablamalara görə, bu növ üçün maksimum ömür uzunluğu 427 il təşkil edir.

Bu nəticə göldə yaşayan nərə balığının əvvəllər təxmin edilən 150 illik ömrü ilə bağlı təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişir. Beləliklə, bu balıq dünyanın ən uzunömürlü şirin su canlılarından biri hesab edilir.

Michigan Dövlət Universitetinin tədqiqatçıları uzun illər əvvəl işarələnərək təbiətə buraxılan və sonradan yenidən tutulan balıqlarla bağlı məlumatları təhlil ediblər.

Böyük Göllər ərazisindəki beş fərqli göldə nərə balığı populyasiyasından əldə edilən məlumatlar əsasında böyümə modelləri hazırlanıb. Hesablamalar zamanı uzunluğu təxminən 180 santimetr olan dişi fərdlərin yaşının 99-427 il arasında dəyişə biləcəyi müəyyənləşdirilib.