Azərbaycanda regionlardan Bakıya köç uzun illərdir davam edən və müxtəlif səbəblərlə gündəmdə qalan prosesdir. Bölgələrdə yeni iş yerlərinin yaradılması, infrastrukturun yenilənməsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə baxmayaraq, paytaxt hələ də minlərlə insan üçün daha geniş imkanların ünvanı olaraq qalır.

Bəs Bakını insanlar üçün bu qədər cəlbedici edən nədir?

Məsələyə yalnız paytaxtın böyük şəhər olması kimi yanaşmaq düzgün olmaz. Əsas səbəb imkanların və xidmətlərin burada daha çox cəmlənməsidir. İnsan üçün iş, gəlir, təhsil, səhiyyə və sosial imkanlar nə qədər əlçatan olarsa, həmin əraziyə maraq da bir o qədər artır.

İlk növbədə əmək bazarına nəzər salaq. Regionlarda kənd təsərrüfatı, turizm, xidmət və sənaye sahələrində yeni imkanlar yaradılsa da, iş seçimi hələ də Bakının miqyası ilə müqayisə edilə bilməz. Paytaxtda müxtəlif şirkətlərin, bankların, media qurumlarının, dövlət və özəl təşkilatların, eləcə də xidmət sektorunun geniş fəaliyyət göstərməsi əmək bazarını daha rəngarəng edir. Xüsusilə ali təhsilli və ixtisaslaşmış gənclər üçün Bakıda həm iş tapmaq, həm də karyera qurmaq imkanları daha çoxdur.

Maaş məsələsi də köç qərarında mühüm rol oynayır. İnsan yalnız iş axtarmır, gördüyü əməyin qarşılığında daha yaxşı gəlir əldə etmək istəyir. Regionda uyğun vakansiya tapa bilməyən və ya qazancı ailəsinin ehtiyaclarını tam qarşılamayan şəxs üçün Bakıya köç alternativ seçimə çevrilir. Bəzən yüksək kirayə və gündəlik xərclərə baxmayaraq, daha çox qazanmaq ümidi insanları paytaxta gətirir.

Digər mühüm səbəb təhsildir. Ali məktəblərin, hazırlıq kurslarının, dil və peşə təlimlərinin böyük hissəsinin Bakıda yerləşməsi xüsusilə gənclərin paytaxta axınını gücləndirir. Universitetə qəbul olan tələbənin bir neçə ildən sonra Bakıda iş tapması, burada sosial çevrə formalaşdırması və həyatını paytaxtda davam etdirməsi dəimi köçü sürətləndirən amillərdəndir.

Səhiyyə xidmətləri də bu seçimə təsir göstərir. Regionlarda xəstəxanaların və tibbi xidmətlərin imkanları genişlənsə də, bəzi ixtisaslaşmış müayinələr, mürəkkəb əməliyyatlar və dar ixtisaslı həkimlər üçün insanlar Bakıya müraciət edirlər. Yaşlı və xroniki xəstəlikləri olan ailə üzvlərinin müalicəsi də bəzi ailələri paytaxta yaxın yaşamağa sövq edir.

Bununla yanaşı, Bakı gündəlik həyatın rahatlığı və sosial imkanların müxtəlifliyi baxımından da cəlbedicidir. Böyük ticarət mərkəzləri, mədəniyyət ocaqları, restoranlar, kurslar, idman zalları, əyləncə məkanları və müxtəlif xidmətlərin burada daha çox olması insanların seçim imkanlarını artırır. Xüsusilə gənclər üçün bu amil heç də az əhəmiyyət daşımır.

Amma Bakıda yaşamağın ciddi çətinlikləri də var. Mənzil və kirayə qiymətlərinin yüksək olması, tıxaclar, ekoloji problemlər və gündəlik xərclərin çoxluğu paytaxt həyatını bəzən çətinləşdirir. Buna baxmayaraq, insanlar bu çətinlikləri daha yüksək gəlir və gələcək imkanlar naminə qəbul edirlər.

Bakıya axının qarşısını almağın yolu isə insanlarda “burada da yaxşı yaşamaq olar” düşüncəsini formalaşdırmaqdan keçir. Bunun üçün təkcə yeni yolların və binaların tikilməsi kifayət deyil. Yaxşı maaşlı iş yerləri, keyfiyyətli təhsil, müasir səhiyyə, əlçatan sosial xidmətlər və gənclər üçün inkişaf imkanları eyni vaxtda təmin edilməlidir.

Bu baxımdan regionların inkişafı yalnız iqtisadi məsələ deyil, həm də daxili miqrasiyanın idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır. İnsan doğulduğu rayonda işləyə, övladını keyfiyyətli təhsilə yönəldə, yaxşı tibbi xidmət ala və normal sosial həyat yaşaya bilirsə, Bakıya köçmək ehtiyacı da azalır.

İnsanlar Bakıya sadəcə paytaxt olduğu üçün gəlmirlər. Onları imkanlar cəlb edir. Regionlarda həmin imkanlar artdıqca Bakı ilə digər şəhər və rayonlar arasındakı fərq də tədricən azalacaq. O zaman paytaxta köç məcburiyyət deyil, seçim olacaq...