İngiltərədə yazın sonuna yaxın qeyri-adi vəziyyət müşahidə olunur. Çürüyən və mayalanmış meyvələrlə qidalanan eşşək arılarının “sərxoş” vəziyyətə düşərək daha aqressiv davrandığı bildirilir. Mütəxəssislər əhalini bu həşəratların sancma riskinə qarşı diqqətli olmağa çağırıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Zərərvericilərə Nəzarət Assosiasiyasının (BPCA) məlumatına görə, yayın sonlarında işçi eşşək arılarının yuvalardakı fəaliyyəti azalır. Bu dövrdə onlar şəkər ehtiyaclarını ödəmək üçün həddindən artıq yetişmiş, çürüməyə başlayan və mayalanmış meyvələrə yönəlirlər.

Meyvələrin tərkibində yaranan spirt eşşək arılarının davranışına təsir edir. Nəticədə onlan sərsəm və daha aqressiv olur, insanları sancırlar. Xüsusilə İngiltərənin Hull bölgəsində yaşayan sakinlərə ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilib.

Mütəxəssislər eşşək arılarının yuvalarına özbaşına müdaxilə etməməyi tövsiyə edir. Yuva insanların sıx istifadə etdiyi ərazidə yerləşirsə, onun aradan qaldırılması üçün peşəkar zərərvericilərə nəzarət xidmətlərinə müraciət etmək məsləhət görülür.

Eşşək arısı sancmaları bəzi insanlarda həyati təhlükə yarada bilən anafilaktik reaksiyaya səbəb ola bilər. Mütəxəssislər həmçinin bildirirlər ki, bu həşəratlar ekosistem üçün faydalıdır: onlar müxtəlif zərərvericilərin sayını azaltmaqla yanaşı, tozlanma prosesində də rol oynayırlar.