Türkiyədə deputat Ali Yükselin şəxsi həyatı yenidən gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, Kani Torunun istefasından sonra Yeni Yol qrupunun parlamentdəki deputat sayı 19-a düşüb. Ali Yükselin qrupa qoşulması ilə deputat sayı yenidən 20-yə çatıb və qrupun parlamentdə fəaliyyətini davam etdirməsi mümkün olub. Bundan sonra millət vəkilinin şəxsi həyatı yenidən müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Yenidən Refah Partiyasından Konya millət vəkili seçilən Ali Yüksel hazırda siyasi fəaliyyəti ilə yanaşı, bir müddət əvvəl açıqladığı ailə həyatı ilə də diqqət çəkir. Yüksel bir vaxtlar həyatında eyni anda üç xanımın olduğunu açıq şəkildə etiraf edib.
Deputat 2023-cü ildə verdiyi müsahibədə həyatının bir dövründə üç həyat yoldaşının olduğunu bildirib. Onun sözlərinə görə, ilk həyat yoldaşı vəfat edib, daha sonra iki həyat yoldaşı ilə qalıb. Yüksel həmin açıqlamasında üç həyat yoldaşından ümumilikdə səkkiz övladının olduğunu deyib.
Ali Yüksel bununla da kifayətlənməyib. O, müsahibəsində dördüncü dəfə evlənmək niyyətinin olduğunu da bildirib. 2023-cü ildə isə 74 yaşında özündən təxminən 50 yaş kiçik universitet tələbəsi ilə dördüncü nikahını bağlaması Türkiyə mediasında geniş müzakirələrə səbəb olub. Bu nikahın şahidlərindən biri Yenidən Refah Partiyasının sədri Fatih Erbakan olub.
Yüksel çoxarvadlılıqla bağlı mövqeyini də açıq şəkildə ifadə edib. O, “tək evlilik” anlayışına qarşı olduğunu bildirərək, evlənmənin dini baxımdan ona icazə verilən çərçivədə həyata keçirilməli olduğunu müdafiə edib. Bu açıqlamaları Türkiyədə ciddi müzakirələrə və qadın hüquqları müdafiəçilərinin reaksiyasına səbəb olub.
1949-cu ildə Antalyanın Doyran kəndində anadan olan Ali Yüksel İstanbul Yüksək İslam İnstitutunda təhsil alıb. Daha sonra Almaniyada dil və şərqşünasıq üzrə təhsil alıb, Avropa Milli Görüş Təşkilatlarında müxtəlif vəzifələrdə çalışıb. Türkiyə Böyük Millət Məclisinin rəsmi məlumatında onun səkkiz övladının olduğu qeyd edilir.