Azərbaycanda uzun illər eyni vəzifədə çalışan icra başçıları arasında diqqət çəkən şəxslərdən biri də Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovdur. O, 25 il əvvəl bu vəzifəyə təyin edilib və həmin vaxtdan Qubadlı rayonuna rəhbərlik edir.
Metbuat.az xəbər verir ki, Malik İsaqov 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1970-ci ildə Hal kənd orta məktəbini, 1979-cu ildə isə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1974-1976-cı illərdə hərbi xidmətdə olub.

Fotoda: Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov
Əmək fəaliyyətinə Sumqayıt Elektrik Dəstləşdirmə Zavodunda başlayıb. Burada çilingər, təhlükəsizlik üzrə mühəndis, mühəndis-konstruktor, mühəndis-texnoloq və baş mühəndis vəzifələrində çalışıb. 1984-2001-ci illərdə isə həmin zavodun direktoru olub.
Malik İsaqov 8 sentyabr 2001-ci ildə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Beləliklə, onun bu vəzifədə fəaliyyətinin 25 ili bu gün tamam olur.
Hazırda da Qubadlı Rayon İcra Hakimiyyətinə rəhbərlik edən Malik İsaqov ailəlidir və iki övladı var.