İnsan həyatında maddi imkanların artması bir çox şeyi dəyişə bilər. Yeni həyat tərzi, fərqli sosial çevrə və artan imkanlar bəzən insanın illərlə yanında olan dostlarından uzaqlaşmasına səbəb olur. Xüsusilə maddi vəziyyət dəyişdikcə bəzi münasibətlərdə görünməz məsafə yaranır.
Bəs insan varlandıqdan sonra kasıb dostlarını niyə unudur?
Psixoloq İlham Məmmədov Metbuat.az-a açıqlamasında deyib ki, insanın maddi vəziyyətinin yaxşılaşması onun sosial çevrəsinə və gündəlik həyat tərzinə təsir göstərir: “İnsan varlandıqca ətrafında olan insanların da dəyişməsi mümkündür. Artıq daha imkanlı insanlarla ünsiyyət qurur, bahalı məkanlara gedir, fərqli həyat tərzinə alışır. Bu dəyişiklik müəyyən müddətdən sonra insanın əvvəlki dostları ilə arasında görünməz məsafənin yaranmasına gətirib çıxarır”.
Psixoloqun sözlərinə görə, burada əsas məsələlərdən biri həyat tərzində yaranan fərqlərdir: “Maddi imkanları artdıqca insanın zövqləri və gündəlik vərdişləri də dəyişir. Bahalı restoranlar, lüks istirahət məkanları və yüksək xərcli əyləncələr onun həyatının adi hissəsinə çevrilir. Əvvəlki dostu isə bu həyat tərzinə maddi baxımdan uyğunlaşa bilmədikdə münasibətlərdə məsafə yaranır. Belə vəziyyətdə problem bəzən insanların xarakterində deyil, həyat şəraitindəki fərqdə olur”.
İlham Məmmədov vurğulayıb ki, bəzi insanlar üçün keçmişdən gələn dostluqlar psixoloji baxımdan da narahatlıq yaradır: “İllərlə yanında olan kasıb dost insana onun çətin günlərini xatırladır. Bəzi insanlar maddi vəziyyətləri yaxşılaşdıqdan sonra həmin dövrü xatırlamaq istəmirlər. Çünki keçmişdəki yoxsulluq və çətinliklər onlarda yenidən hər şeyi itirmək qorxusu yarada bilər”.
Psixoloqun fikrincə, bəzi hallarda insan var-dövlət vasitəsilə keçmişdə yaşadığı məhrumiyyətləri kompensasiya etməyə çalışır: “Bəzi insanlar uzun illər yaşadıqları yoxsulluğun bir növ qisasını almaq istəyirlər. Lüks həyat sürmək, bahalı əşyalar almaq və imkanlı insanlarla ünsiyyət qurmaqla keçmişdə yaşadıqları məhrumiyyətləri unutmağa çalışırlar. Təəssüf ki, bu proses zamanı ən çətin günlərində onların yanında olan insanları da geridə qoyurlar”.
“Pul insanın həyatını dəyişə bilər, amma onun keçmişini dəyişmir. İnsan hansı mərhələdən keçdiyini və bu yolda ona kimlərin dəstək olduğunu unutmamalıdır. Əsl zənginlik yalnız çox pula sahib olmaq deyil, həyatında dəyər verdiyi insanları itirməməkdir. İnsan zirvəyə çatanda yanında kimlərin qaldığı onun xarakterini göstərir”, - deyə psixoloq fikrini yekunlaşdırıb.