Dünyanın ən uzunömürlü onurğalılarından biri hesab olunan Qrenlandiya köpəkbalığı alimləri də təəccübləndirən xüsusiyyətə malikdir. Bu canlıların təxminən 400 il yaşaya bildiyi müəyyən edilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Qrenlandiya köpəkbalığı Şimal Atlantik və Şimal Buzlu okeanının soyuq sularında yaşayır. Onların böyümə sürəti olduqca aşağıdır və bəzi hesablamalara görə, ildə 1 santimetrdən də az böyüyürlər.

Bu canlıların yaşını müəyyənləşdirmək isə uzun müddət alimlər üçün ciddi problem olub. Adətən balıqların yaşı qulaq daşlarında və ya digər sərtləşmiş toxumalarda əmələ gələn böyümə halqaları hesablanaraq müəyyən edilir. Lakin köpəkbalıqlarında bu üsul mümkün deyil. Qrenlandiya köpəkbalığının sümükləşmiş toxumaları olmadığından ənənəvi yaş təyini metodlarından istifadə etmək mümkün deyil.

Alimlər bunun əvəzinə onların gözlərinə müraciət ediblər. Araşdırmalar zamanı göz büllurunun mərkəzində doğuşdan əvvəl formalaşan və zaman keçdikcə demək olar ki, dəyişməyən zülalların olduğu müəyyənləşdirilib. Bu toxumalardakı karbon-14 izotopları analiz edilərək köpəkbalığının yaşı təxmin edilir.

2016-cı ildə aparılan araşdırmada 28 dişi Qrenlandiya köpəkbalığının göz büllurları analiz edilib. Tədqiqatın nəticələrinə görə, ən böyük nümunələrdən birinin yaşı təxminən 392 il olub. Bununla belə, alimlər bu rəqəmin dəqiq deyil, statistik ehtimal olduğunu vurğulayırlar.

Maraqlıdır ki, bu köpəkbalıqları cinsi yetkinliyə də çox gec çatır. Dişilərin təxminən 150 ildən sonra cinsi yetkinliyə çatdığı hesablanır. Bu isə onların son dərəcə yavaş böyüyən və uzunömürlü canlılar olduğunu göstərir.