"Fənərbağça"nın baş məşqçi İsmail Kartalın istefa qərarı gündəmə bomba kimi düşüb. UEFA Çempionlar Liqasının ilk turunda “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra istefa verdiyini açıqlayan Kartalın qərarı klub rəhbərliyi tərəfindən qəbul edilməyib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Fənərbağça" prezidenti Aziz Yıldırım İsmail Kartalın komandada qalacağını bildirib. O, təcrübəli mütəxəssisə dəstək verərək istefasını qəbul etmədiyini vurğulayıb.

Yıldırım Kartalın üzərinə gələn tənqidlərə də münasibət bildirib. O, baş məşqçinin oyun zamanı tribunadan üzərinə su şüşəsi atılmasından və komandanın göstərdiyi təzyiqdən narahat olduğunu deyib.

"Fənərbağça" prezidenti İsmail Kartalın klub üçün dəyərli olduğunu qeyd edərək onun mövsüm başa çatmadan komandadan ayrılmasına imkan verməyəcəyini bildirib. Yıldırım, “İsmail Kartal bizim övladımızdır. Mən ayrılana qədər İsmail Kartal məşqçi olaraq qalacaq, buradan gedə bilməz” deyə açıqlama verib.

Aziz Yıldırım həmçinin komandanın mövsümün sonunda daha uğurlu nəticələr əldə edəcəyinə inandığını söyləyib.