Bakıda mənzil kirayələmək istəyənlər üçün rayon seçimi aylıq xərclərin formalaşmasına ciddi təsir göstərir. Paytaxtda kirayə qiymətləri ərazidən, binanın yeni və ya köhnə olmasından, mənzilin təmir vəziyyətindən və metroya yaxınlığından asılı olaraq dəyişir.
Metbuat.az xəbər verir ki, 2026-cı ilin daşınmaz əmlak bazarı göstəricilərinə əsasən, kirayə mənzillərin ən baha olduğu rayonlar əsasən şəhərin mərkəzi və mərkəzə yaxın ərazilərdir.
1. Səbail - Köhnə tikililərdə kirayə qiymətləri 16-20 manat/kvadratmetr aralığındadır. Rayon mərkəzi əraziləri və dənizə yaxınlığı ilə seçilir.
2. Nəsimi - Burada kirayə qiymətləri 14-18 manat/kvadratmetr təşkil edir. Mərkəzi yerləşməsi və nəqliyyat imkanlarının geniş olması qiymətlərin yüksək qalmasına təsir göstərir.
3. Nərimanov - Rayonda köhnə tikililərdə kirayə qiymətləri 14-17 manat/kvadratmetr civarındadır. Yeni tikililərdə isə qiymətlər daha yüksək ola bilər.
4. Yasamal - Kirayə qiymətləri 13-16 manat/kvadratmetr aralığındadır. Rayonun mərkəzə yaxınlığı, eləcə də tələbələr və işləyənlər arasında populyarlığı qiymətlərə təsir edən əsas amillərdəndir.
5. Xətai - Köhnə tikililərdə qiymətlər 12-15 manat/kvadratmetr təşkil edir. Yeni yaşayış komplekslərinin çoxluğu isə mənzil seçimini genişləndirir.
6. Binəqədi - Bu rayonda kirayə qiymətləri 11-14 manat/kvadratmetr aralığında dəyişir.
Siyahının sonrakı pillələrində Nizami, Sabunçu və Suraxanı rayonları qərarlaşır. Bu ərazilərdə kirayə mənzillər nisbətən daha münasib qiymətə təklif olunur.
Mütəxəssislərin hesablamalarına görə, mənzilin təmirli olması da kirayə haqqına ciddi təsir göstərir. Təmirli mənzillərin kirayəsi təmirsiz variantlarla müqayisədə orta hesabla 15-20 faiz daha yüksəkdir.