Dünya futbolunun ən böyük ulduzlarından biri olan Kriştiano Ronaldo karyerasının növbəti böyük hədəfini açıqlayıb. 41 yaşlı portuqaliyalı hücumçu 1000-ci qolunu vurmaq və milli komanda ilə UEFA Millətlər Liqasını qazanmaq istədiyini bildirib.
Metbuat.az xəbər verir ki, Ronaldo bu barədə Portuqaliya millisinin Uelslə keçirəcəyi oyun öncəsi mətbuat konfransında danışıb. Ulduz futbolçu 1000 qol hədəfinə çatacağına inandığını və bunun onun üçün mühüm bir mərhələ olduğunu deyib.
Ronaldo hazırda karyerasında 979 qola çatıb. Təcrübəli hücumçu qarşıdakı dövrdə daha 21 qol vuraraq 1000 rəqəminə çatmağı qarşısına məqsəd qoyub. O, bu hədəfin onun üçün bir vəsvəsəyə çevrilmədiyini, lakin tarixi göstəriciyə çatmaq istədiyini vurğulayıb.
“Bilirəm ki, bu hədəfə çatacağam. Amma bunu vəsvəsəyə çevirmirəm. Bu mühüm mərhələyə həqiqətən çatmaq istəyirəm”, - deyə Ronaldo bildirib.
Portuqaliyalı futbolçu karyerasını nə vaxt başa vuracağı ilə bağlı suala da cavab verib. Ronaldo bunun dəqiq vaxtını bilmədiyini, hətta 2026-cı ilin onun son mövsümü ola biləcəyini deyib. Bununla belə, son oyununu keçirdiyi zaman qərarını özü açıqlayacağını bildirib.