“Qalatasaray”da İlkay Gündoğanın gələcəyi ilə bağlı yeni qərar verilib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş məşqçi Okan Buruk 35 yaşlı yarımmüdafiəçi ilə təkbətək görüş keçirib. Görüşdən sonra təcrübəli futbolçuya daha çox oyun şansı veriləcəyi bildirilib.

İlkay Gündoğanın bu mövsüm “Qalatasaray”da kifayət qədər forma şansı qazanmaması müzakirələrə səbəb olub. Almaniya millisinin sabiq üzvü Türkiyə Super Liqasında yalnız ilk turda “Çorum FK” ilə matçda 6 dəqiqə, Çempionlar Liqasında isə “Sportinq”lə səfər qarşılaşmasında 5 dəqiqə meydanda olub. Beləliklə, o, cari mövsümdə cəmi 11 dəqiqə oynayıb.

Daha əvvəl futbolçunun az oyun vaxtına görə komandadan ayrılmaq istədiyi və qış transfer pəncərəsində “Qalatasaray”ı tərk edə biləcəyi barədə iddialar yayılmışdı. Lakin son görüşdən sonra klubun İlkayla bağlı planının dəyişdiyi bildirilir.

Məlumata görə, Okan Buruk milli fasilədən sonra yarımmüdafiəçiyə yenidən şans verməyə hazırlaşır. Bu səbəbdən İlkay Gündoğanın ən azı mövsümün sonuna qədər komandada qalması planlaşdırılır.

İlkay Gündoğanın “Qalatasaray”la müqaviləsi mövsümün sonunda başa çatacaq. O, İstanbul klubunun heyətində indiyədək 40 matçda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.