“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimen milli fasilə zamanı doğulub böyüdüyü Nigeriyaya gedib. Futbolçunun Lagosdakı məhəlləsinə səfəri zamanı görülən təhlükəsizlik tədbirləri diqqət çəkib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Osimen uşaqlığının keçdiyi Olusosun məhəlləsini ziyarət edib. Onu qarşılayan yerli sakinlər futbolçuya böyük sevgi nümayiş etdirib, ərazinin müxtəlif yerlərində Osimenin posterləri asılıb.

Futbolçunun səfəri zamanı ən çox diqqət çəkən məqam isə təhlükəsizlik tədbirləri olub. Osimeni çoxsaylı təhlükəsizlik əməkdaşları və hərbçilər müşayiət edib. Bəzi mühafizəçilərin uzun lüləli silahlar daşıması kameralara əks olunub. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.

Osimen səfər zamanı keçmiş qonşuları ilə görüşüb, uşaqlığının keçdiyi yerləri ziyarət edib. O, vaxtilə təhsil aldığı məktəbə baş çəkib.

“Qalatasaray”ın hücumçusu hazırda zədə səbəbindən komandadan ayrı qalır. "Başakşehir" ilə matçda zədələnən futbolçunun sağ adduktor əzələ qrupunda gərginlik və ağrı müəyyən edilib. Osimhen müalicəsini Nigeriyada fizioterapevtinin müşayiəti ilə davam etdirir.