“Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində şagirdlərin məktəbli geyimi və müəllimlərin geyim tərzi ilə bağlı qəbul etdiyi qərarları tamamilə düzgün və vaxtında atılmış addımlar hesab edirəm. Bu qərarlar yalnız məktəbdə xarici görünüşün tənzimlənməsi baxımından deyil, həm də təhsil mühitində bərabərlik və peşəkarlıq prinsiplərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir”.
Bunu Metbuat.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri deyib.
O bildirib ki, məktəb cəmiyyətin gələcəyini formalaşdıran mühüm institutlardan biridir. Burada yaradılan mühit şagirdlərin yalnız bilik səviyyəsinə deyil, dünyagörüşünə, davranışına və ictimai münasibətlərinə də təsir göstərir. Bu baxımdan şagirdlərin və müəllimlərin geyimi ilə bağlı müəyyənləşdirilən ümumi prinsiplər təhsil müəssisələrində sağlam, nizamlı və ortaq dəyərlərə əsaslanan mühitin formalaşmasına kömək edə bilər.
Nadir Azərinin sözlərinə görə, vahid məktəbli geyiminin əsas üstünlüklərindən biri şagirdlərin diqqətini xarici görünüşdən daha çox təhsilə və şəxsi inkişafa yönəltməsidir. Eyni zamanda, məktəbli forması uşaqlarda kollektivə mənsubiyyət, məsuliyyət və məktəb qaydalarına hörmət hissinin güclənməsinə də müsbət təsir göstərir.
“Bu qərarın üstün cəhətlərindən biri də məktəbdə ortaq davranış mədəniyyətinin formalaşmasına şərait yaratmasıdır. Burada vahid təfəkkür dedikdə bütün şagirdlərin eyni cür düşünməsi deyil, onların bərabərlik, qarşılıqlı hörmət, intizam, məsuliyyət və ümumi qaydalara əməl etmək kimi dəyərləri da yaxşı mənimsəməsi nəzərdə tutulur. Məktəb mühitində bu prinsiplərin ardıcıl şəkildə təşviq edilməsi gələcəkdə daha məsuliyyətli vətəndaşların yetişməsinə xidmət edir”, - deyə o vurğulayıb.
Nadir Azəri müəllimlərin geyimi ilə bağlı tələblərin də bu yanaşmanın tərkib hissəsi olduğunu bildirib. Onun fikrincə, müəllimlərin geyimində səliqə, sadəlik və işgüzarlıq prinsiplərinin əsas götürülməsi peşəkar təhsil mühitinin qorunması baxımından məntiqli yanaşmadır. Çünki müəllim yalnız bilik verən şəxs deyil, həm də davranışı, ünsiyyəti, məsuliyyəti və şəxsi nümunəsi ilə şagirdlərin formalaşmasına təsir göstərən əsas simalardan biridir.
“Məktəbdə şagirdlərdən müəyyən edilmiş qaydalara əməl etmək tələb olunursa, həmin qaydaların pedaqoji kollektiv tərəfindən də nəzərə alınması vacibdir. Bu, təkcə geyim məsələsinə deyil, ümumilikdə məktəbdə nizam-intizamın, qarşılıqlı hörmətin və sağlam münasibətlərin qorunmasına aiddir. Müəllimin öz davranışı ilə nümunə göstərməsi şagirdlərin qaydalara formal tələb kimi deyil, ümumi mədəniyyətin tərkib hissəsi kimi yanaşmasına kömək edir”, - deyə təşkilat rəhbəri qeyd edib.