“Azərbaycan Konstitusiyasında dinə münasibət, təhsilin vəzifələri və onun hüquqi statusu tamamilə aydın ifadə olunub. Din dövlətdən ayrıdır. Həm də bütün etiqadlar qanun qarşısında bərabərdir”.
Bunu Metbuat.az-a politoloq, ictimai xadim, AMEA-nın aparıcı elmi işçisi, dosent Sənan Həsənov deyib. O qeyd edib ki, dünyəvilik prinsipinə əsaslanan ideoloji xətt humanizmi və mütərəqqiliyi önə çəkir:
“Dövlətin strateji xətti olaraq dünyəvi təhsildə dini motivləri önə çəkmək, onun fəaliyyət sisteminə mane olmaq qəti yolverilməzdir. Çünki Azərbaycan təhsili heç vaxt dini inanc və etiqadları məhdudlaşdırmayıb. Əksinə, onların yerini və rolunu önə çəkib. Təhsil isə gənc nəsli gələcəyə hazırlayan strategiyanın bünövrəsidir. Burada dövlətin və cəmiyyətin vəzifələri, məsuliyyəti vardır. Əsassız olaraq dini motivləri təhsildə gündəmə gətirmək dünyəvilik prinsipinə ziddir və bəzi qüvvələrin məqsədlərinə xidmət edir”.
Sənan Həsənov bildirib ki, istənilən ictimai narazılıq öz miqyasını aşıb ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə oluna bilməz:
“Azərbaycanın siyasi strategiyası hər kəsə məlumdur. Biz heç bir dövlətin daxili işlərinə qarışıb təxribat yaratmamışıq. Ölkəmizdə də kimlərinsə bu məkrli niyyətinə imkan verilməyəcəyik. Güclü dövlət, güclü həmrəylik və haqq-ədalət yolu bizim ən böyük sərvətimizdir”.