Cəmiyyətin gələcəyini müəyyənləşdirən əsas amillərdən biri uşaqların hansı mühitdə böyüməsi, necə təhsil alması və hansı dəyərlərlə formalaşmasıdır. Məktəb bu baxımdan yalnız dərs keçilən məkan deyil, həm də fərqli ailələrdən gələn uşaqların bərabər imkanlar əldə etdiyi, dünyagörüşünün formalaşdığı mühüm ictimai institutdur. Buna görə də təhsil mühitində müzakirə olunan məsələlərə emosional yanaşmaqdan daha çox, onların uşaqların inkişafına təsirini nəzərə almaq vacibdir.
Milli Məclisin deputatı Vüqar İskəndərov Metbuat.az saytına açıqlamasında bildirib ki, məktəbli formasını yalnız geyim seçimi kimi qiymətləndirmək məsələnin mahiyyətini kiçiltmək olardı: “Vahid məktəbli geyiminin əsas məqsədlərindən biri şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almaqdır. Uşaqların geyimləri ailələrinin maddi imkanlarını nümayiş etdirmək vasitəsinə çevrilməməli, sinifdə münasibətlər onların bilik və bacarıqları üzərində qurulmalıdır. Məktəbdə hər bir şagird özünü bərabərhüquqlu hiss etməli, maddi vəziyyətinə və sosial mənsubiyyətinə görə fərqli münasibətlə üzləşməməlidir”.
Deputat qeyd edib ki, digər mühüm məsələ dünyəvi təhsil prinsipidir. Dünyəvilik dini inancların inkarı deyil, dövlət təhsilinin müəyyən edilmiş ümumi qaydalar əsasında təşkil olunmasıdır: “Dini etiqad azadlığı konstitusion hüquqdur. Bununla yanaşı, dövlət məktəblərində qanunvericiliklə müəyyənləşdirilən tələblərə əməl olunması da vacibdir. Bu məsələlər müzakirə edilərkən hüquq və vəzifələr arasında tarazlıq qorunmalı, uşaqların ləyaqəti, təhsil hüququ və psixoloji vəziyyəti diqqətdən kənarda qalmamalıdır”.
Millət vəkili hesab edir ki, əsas məqamlardan biri də uşaqların böyüklərin siyasi və ideoloji mübahisələrinə cəlb edilməməsidir: “Məktəbi qarşıdurma məkanına çevirmək, uşaqları müxtəlif düşərgələrin mübarizəsinin mərkəzinə gətirmək təhsilin əsas məqsədinə ziddir. Məktəbin qapısından içəri daxil olan uşaq mübahisələrin iştirakçısı deyil, bilik qazanmaq və gələcəyə hazırlaşmaq istəyən şagirddir”.