Polşada keçirilən balıqçılıq turnirində tutulan nəhəng naqqa balığı görənləri heyrətə gətirib.
Metbuat.az xəbər verir ki, hadisə ölkənin Rıbnik şəhərində yerləşən su anbarında baş verib. Bu şəhərdə təşkil olunan balıqçılıq yarışına Avropanın müxtəlif ölkələrindən 150-yə yaxın balıqçı qatılıb.
Yarış zamanı almaniyalı balıqçı Oliver Schäfer və onun niderlandlı komanda yoldaşı Kevin Cremers tilova düşən nəhəng balığı sudan çıxarmaq üçün yarım saatdan çox mübarizə aparıblar.
Nəhayət, sahilə çıxarılan balığın uzunluğu hakimlər tərəfindən ölçülüb. Məlum olub ki, onun uzunluğu düz 292 santimetrdir.
Hadisənin ən maraqlı məqamı isə balığın ölçüsü ilə bağlı deyil. Belə ki, ötən ilin oktyabr ayında da eyni göldən məhz 292 santimetr uzunluğunda başqa bir naqqa balığı tutulub. Turnirin təşkilatçıları builki balığın ötən il tutulan eyni balıq ola biləcəyini istisna etmirlər.
Qeyd edək ki, naqqa balıqları əlverişli şəraitdə 3 metrə qədər böyüyə bilir. Rıbnikdəki gölün elektrik stansiyasından gələn ilıq sularla qidalanması da bu balıqların nəhəng ölçülərə çatmasına şərait yaradan amillərdən biri hesab olunur.
Balıq ölçüldükdən sonra yarışın qaydalarına uyğun olaraq yenidən gölə buraxılıb.