Bakıda peşə sahibi olmaq istəyənlər üçün pulsuz kurslar fəaliyyətə başlayıb

Bakıda peşə sahibi olmaq istəyənlər üçün pulsuz kurslar fəaliyyətə başlayıb
14:24 22 Yanvar 2015
1009 Sosial
Ölkə mətbuatı
A- A+

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Regional Peşə Tədris Mərkəzində aparılan yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. APA TV-nin xəbərinə görə, təmirdən sonra burda daha 7 sinif otağı və emalatxana yaradılıb. Müxtəlif peşələrin təlimi üçün sinif otaqları və emalatxanaların sayı 23-ə çatıb. Dövlət Məşğulluq Xidməti burada 86 ənənəvi və 58 modul təlim proqramı üzrə peşə hazırlığı kursları təşkil edir.

Nazir bildirib ki, peşələrin xüsusiyyətindən asılı olaraq, bu kurslar iki aylıq, iki ayyarımlıqdır. Bu müddətdə insanlar dövlət tərəfindən təqaüd alacaqlar: "Onların yol pulu ödəniləcək. Bizim hesablamalarımıza görə, bu sinif otaqları istifadəyə verildikdən sonra mərkəzi bitirən insanların sayı 2 mini keçəcək".

S.Müslümov bildirib ki, Məşğulluq Xidmətidən son bir ildə 3786 nəfər işsiz və işaxtaran vətəndaşı əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edib. Tezliklə Gəncə və Göyçayda bu cür mərkəzlər istifadəyə veriləcək: "Əlimizdən gələni etməliyik ki, məşğulluq artsın, işsizlik azalsın. İnsanlar öz əmək qabiliyyətləri hesabına öz ailələrinin gəlirlərini təmin edə bilsinlər". 

Bakı Regional Tədris Mərkəzində kompüter mühasibatlığı (1C proqramı üzrə), əməliyyatçı mühasib, kompüter texnikasının təmiri, ingilis dili, elektrik, qaynaqçı, avtomobillərin təmiri üzrə çilingər, quraşdırıcı çilingər, plastik materiallardan məmulatların hazırlanması, bərbər, qənnadçı, aşbaz və digər peşələr tədris olunur.

Peşə Tədris Mərkəzinin qənnadı kurslarında iştirak edənlər Azərbaycan mətbəxinə daxil olan şirniyyatları hazırlamağı öyrənə bilərlər.

Kurslarda qızlarla yanaşı, oğlanlar da iştirak edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR