Suriya qoşunları müttəfiq Hizbullah qüvvələri ilə birgə, üsyançıların nəzarət etdiyi Zabadani şəhərinə hücum təşkil edib, dövlət televiziyası xəbər verir.
Milli.Az BBC-yə istinadən bildirir ki, paytaxt Dəməşq şəhərindən şimal-qərbdə yerləşən Zabadani, sünni müsəlman üsyançıların əlində olan bölgədə sonuncu əhəmiyyətli şəhərdir.
Hizbullahın əl-Manar televiziya kanalı hava hücumlarının ardından yaranmış böyük tüstü buludunu nümayiş etdirib.
Xəbərlərdə sakinlərin şəhəri tərk etdiyi bildirilir.
Zabadani münaqişəsi üzrə sülh danışıqları cəhdi iflasa uğrayıb, əl-Manar xəbər verib.
Şəhər uğrunda döyüşlər bir neçə gün idi ki, davam edirdi, BBC-nin Livandakı müxbiri Jim Muir xəbər verib.
Zabadani, Dəməşq və Beyrutu birləşdirən magistrala yaxın strateji əhəmiyyətli şəhərdir, müxbirimiz əlavə edib.
Dövlət televiziyası Suriya hərbi mənbələrinə istinadən xəbər verib ki, hökumət qüvvələri "bir neçə cəbhədə məsafəni qət ediblər" və üsyançılar "ağır itkiyə məruz qalıb".
Zabadani uğrunda döyüşlərlə bağlı xəbərlər cümə axşamı və cümə günü Hələb şəhərində baş vermiş qarşıdurmanın ardından gəlib.
Prezident Bəşər Əsədə qarşı 2011-ci ilin mart ayından başlamış üsyan nəticəsində Suriyada 230000-dən çox insanın həlak olduğu bildirilir.
11.5 milyon insanın isə evlərindən didərgin düşdüyü deyilir.
Milli.Az